Məscid
Abidənin adı: | "Məscid (Əbu Müslüm məscidi)" |
Abidənin ünvanı: | AZ2702, Xaçmaz rayonu, Qaraqurtlu kəndi |
Abidənin əhəmiyyət dərəcəsi: | Yerli əhəmiyyətli memarlıq abidəsi |
İnventar: | 4308 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür) |
Kartoqrafik təqdimat: | X-koordinat: 41.460725 Y-koordinat: 48.822669 |
Abidənin tikinti tarixi: | Əsr: XV - XVI əsrlər Tikinti ili: Məlum deyil |
Abidənin istifadəsi: | İlkin təyinatı üzrə istifadə olunmur |
Abidəyə dair tarixi məlumatlar: Tarixən Azərbaycanın əksər bölgələrində dövrünə görə böyük məscidlər mövcud olub. Bu tikililərin əksəriyyəti çağımızadək qorunub saxlanılıb. Xaçmaz rayonunun Qaraqurtlu kəndindəki Əbu Müslüm məscidi də bu qəbildədir.
Rayon mərkəzindən təxminən 1,55 km məsafədə yerləşən abidə haqqında dolğun məlumat yoxdur. Abidənin XV-XVI əsrlərə aid olduğu və “Şah Abbas məscidi” kimi tanındığı haqqında məlumat verilib. Lakin "Azərbərpa" Elmi Tədqiqat Layihə İnstitutunun arxivində saxlanılan ölçü və bərpa cizgilərində tikili “Əbu Müslüm məscidi” kimi qeyd edilib.
Abidənin üzərində kitabə yoxdur. Yerli əhəmiyyətli memarlıq abidəsi olan tikili məscid-mədrəsə kimi istifadə edilib.
Əbu Müslüm məscidi xaçvarı plan quruluşlu günbəzli məscidlər qrupuna daxildir. Məscid özündən əvvəlki məscidlərdəki inşaat texnikasını təkrarlasa da, yeni element sayılan sütunların əlavə edilməsi ilə yeni kompozisiya forması əmələ gətirib. Bu tip məscidlərdə əsas kompozisiya və konstruktiv element sütunlardır.
Xristianlığın bazilika tipli məbədlərindən fərqli olaraq, sütunlu məscidlərdə ibadət edənləri mehraba istiqamətləndirən mərkəzi oxdan istifadə olunmur. Nizamlı düzülmüş sütunlar bir-birindən bərabər məsafədə yerləşir və əksər hallarda günbəz və tavandan düşən yükləri əsasa ötürülməsi funksiyasını daşıyır. Yükdaşıyıcı element kimi sütunlardan istifadə vizual baxımdan daxili məkanın ifadəliliyinə və fərdiliyinə səbəb olur.
Azərbaycanın ilk məscidləri əsasən zal şəkilli və üç nefli bazilikalar kimi həll olunurdu. Bu isə mütəxəssislər tərəfindən qədim ənənələrə ehtiram əlaməti kimi səciyyələndirilir.