Çingiz qala
Abidənin adı: | "Çingiz qala (Cingöz qala)" |
Abidənin ünvanı: | AZ6202, Zaqatala rayonu, Car kəndinin şimal qərbində, yaşayış evinin həyətində |
Abidənin əhəmiyyət dərəcəsi: | Yerli əhəmiyyətli memarlıq abidəsi |
İnventar: | 5221 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür) |
Kartoqrafik təqdimat: | X-koordinat: 41.674849 Y-koordinat: 46.688052
|
Abidənin tikinti tarixi: | Əsr: XVIII əsr Tikinti ili: 1762-ci il
|
Abidənin istifadəsi: | Nümayiş obyekti kimi istifadə olunur |
Abidəyə dair tarixi məlumatlar: XVII əsrin sonlarında Azərbaycanın şimal-qərb hissəsində Car-Balakən camaatlığı yaranıb və təxminən 135 il tarix səhnəsində mövcud olub. Car-Balakən camaatlığı XVIII əsr tarixinin öyrənilməsində əvəzsiz mənbə olan “Car salnaməsi”ndə “Car–Tala” adlandırılır. Zaqatala əvvəllər indiki Car kəndi sayılan yerə deyilirmiş. Zaqatala inzibati rayonu Böyük Qafqaz sıra dağlarının cənub yamaclarında, Alazan-Əyriçay vadisində yerləşir. Səfəvi dövlətinin yaranması Azərbaycanda iqtisadiyyatın, şəhərlərin və ticarətin inkişafına əlverişli şərait yaratdı. Azərbaycan xanlıqlar dövründə daima daxili çəkişmələr, hücumlar və müharibələrin təsiri altında olduğu üçün müdafiə qurğularının tikintisi böyük əhəmiyyət daşıyırdı. Sosial-siyasi şərait, feodal münasibətlərinin daha da inkişafı, hərbi toqquşmalar müdafiə xarakterli qülləvarı qalaların tikintisini sürətləndirdi. Qülləvarı evlər əsasən XVII-XVIII əsrlərdə inşa edilib. Strateji cəhətdən əlverişli mövqedə yerləşmələri ilə onlar yollara nəzarətdə saxlayır, dağlıq keçidləri mühafizə edir və düşmən hücumlarında xəbərdaredici siqnallar verirdilər. Öz dinini, etiqadını qorumağa çalışan feodallar öz ailəsi ilə bu qalalarda yaşayaraq müdafiə olunurdular.
Car kəndi Zaqatala şəhərinə bitişik, şimal tərəfində iki dağ arası vadidə yerləşir. Çingiz qalası Car kəndinin şimal-qərbində həyətyanı sahədə yerləşir. Yerli əhəmiyyətli memarlıq abidəsi olan qalanın cənub divarında, yer səviyyəsindən təxminən 1,60 m ərəb dilində yazılmış daş kitabə mövcuddur. Kitabənin üzərində belə bir qeyd var: “Allahın adı ilə bu qalanın bünövrəsini... k.b.İbrahim Çingizin əmri ilə qoyub. Yazanı İdris. Qalaya müdafiə üçün girin". Kitabədə qalanın tikinti tarixi qeyd olunmasa da, tanınmış alim Məşədixanım Nemətova yazının xəttinə görə onu XIV-XV əsrlərə aid edir. "Azərbaycanın memarlıq tarixi" kitabında qala XVI əsrə aid olunub. Qalanı əhatə edən çay daşından tikilən hasar var. Həmin hasarın qərb divarında daş üzərində üç sətirdən ibarət ərəb dilində aşağıdakı sözlər yazılıb: “Bu qalanı Allahın xeyir-duası ilə Murtaza Əli ibn Çingiz tikdirmişdir. 1762 il”. Cənub divarında altı sətirdən ibarət ərəb dilindəki yazı isə belə oxunur: “Bu divarın bərpa və təmirinə Hacı ibn Həsən və evin sahibi Tuba ibn İbrahim köməklik göstərmişlər. 1775 il”. Həmin bu yazılar qalanın bərpasından xəbər verir. Hasar yazılarında adıçəkilən Çingiz qalanı tikdirən Çingizin nəslindəndir.