Dövlət Xidməti Böyük Britaniyada beynəlxalq mükafata layiq görülüb

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti beynəlxalq səviyyədə daha bir mühüm uğura imza atıb.

Dövlət Xidməti Böyük Britaniyada fəaliyyət göstərən nüfuzlu “BUILD Magazine” tərəfindən təşkil edilən müsabiqədə “Mədəni irs sahəsində ən yaxşı dövlət sektoru innovasiyası – 2026” (Best Public Sector Innovation in Cultural Heritage 2026) beynəlxalq mükafatına layiq görülüb.

Mükafat Dövlət Xidməti tərəfindən mədəni irsin qorunması, bərpası, konservasiyası və idarə olunması sahəsində rəqəmsal texnologiyaların tətbiqi, məlumatlara əsaslanan idarəetmə mexanizmlərinin formalaşdırılması, rəqəmsallaşma, vahid məlumat bazasının yaradılması və innovativ həllərin uğurla tətbiqinə görə təqdim olunub.

Mükafatın təqdim edilməsində əsas meyarlardan biri kimi, Dövlət Xidməti tərəfindən vətəndaşyönümlü xidmət modelinin formalaşdırılması, 6 istiqamət üzrə rəqəmsallaşdırılmış xidmətlərin “bir pəncərə” prinsipi əsasında təqdim edilməsi, müraciətlərin operativ, şəffaf və səmərəli şəkildə qəbulunun və icrasının təmin olunması qeyd olunub. Eyni zamanda, vətəndaşların “MyCulture” portalında şəxsi kabinet yaradaraq elektron xidmətlərdən istifadə etməsi, müraciətlərinin icra vəziyyətini real vaxt rejimində izləyə bilməsi və xidmətlərə rəqəmsal mühitdə əlçatanlığının təmin edilməsi vətəndaş məmnunluğunu yüksəldən, şəffaflığı artıran və ictimai iştirakçılığı təşviq edən idarəetmə modeli kimi qiymətləndirilib.