16.01.2020

Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin qış plenumu keçirilib

Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin qış plenumu keçirilib

Dekabrın14-də Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin qış plenumu keçirilib.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Sonra Azərbaycan memarlarının yaradıcılığını əks etdirən sərgi ilə tanış olublar.

Tədbiri giriş sözü ilə Azərbaycan Memarlar İttifaqının İdarə heyətinin sədri Elbay Qasımzadə açaraq, hesabat dövründə Azərbaycan Memarlar İttifaqı tərəfindən görülən işlər haqqında geniş məlumat verib.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov tədbir iştirakçılarını salamlayaraq plenumun Şəkidə keçirilməsinin təsadüfi olmadığını bildirib. O qeyd edib ki, tarixi və milli memarlıq abidələri ilə zəngin olan Şəki şəhəri Azərbaycanın şimal-qərbində mühüm siyasi, sosial-iqtisadi və mədəni mərkəz hesab olunur. Şəki şəhəri 2008-ci ildə Dünya Tarixi Şəhərlər Liqasının, 2012-ci ildə Türk dünyasının qeyri-maddi irs paytaxtı, 2016-cı ildə TÜRKSOY-un mədəniyyət paytaxtı seçilib. 2017-ci ildə UNESKO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə “sənətkarlıq və xalq yaradıcılığı” mövzusu üzrə daxil edilib.

Həmçinin vurğulanıb ki, Şəkinin turizm və mədəniyyət mərkəzi kimi yenidən qurulması ilə əlaqədar Prezident İlham Əliyevin verdiyi tapşırıqlar, qısa müddət ərzində Şəki şəhərinin inkişafı ilə bağlı imzalanan çoxsaylı sərəncamlar nəticəsində bu gün Şəki qədimliyini qorunub saxlamaqla bərabər müasirləşir, regionun turizm potensialı daha da artır.

Tədbirdə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov çıxış edərək ölkəmizdə tarix-mədəniyyət abidələrinin qorunması və bərpası sahəsində həyata keçirilən işlərdən danışıb. Qeyd olunub ki, birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə şərq memarlığının nadir incilərindən hesab olunan “Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin UNESKO-nun Dünya Mədəni İrs siyahısına daxil edilməsi ölkəmizin mədəni həyatında böyük hadisədir.

Plenumda Azərbaycan Memarlar İttifaqı Təftiş Komissiyasının hesabatı dinlənilib, plenumun qətnaməsi qəbul edilib. Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Azərbaycan Memarlar İttifaqının fəxri üzvü seçilib. Şəhərsalma və memarlıq sahəsində fərqlənənlərə qurumun fəxri fərmanları təqdim olunub.