Banqladeş Xalq Respublikasının Mədəniyyət naziri Qobustan Milli Tarix-Bədii Qoruğunu ziyarət edib
Banqladeş Xalq Respublikasının Mədəniyyət naziri Qobustan Milli Tarix-Bədii Qoruğunu ziyarət edib
Ölkəmizdə səfərdə olan Banqladeş Xalq Respublikasının Mədəniyyət naziri K.M Khalid oktyabrın 25-də Qobustan Milli Tarix-Bədii Qoruğunun qonağı olub.Qoruq ərazisində yaradılmış muzeyin ekspozisiyasında nümayiş etdirilən eksponatlara baxan qonağa Qobustan abidələri, burada aparılan arxeoloji tədqiqat işləri barədə məlumat verilib.Qobustan qayaüstü rəsmlərinin dünyada bu tipli abidələrdən ən zəngini olduğunu bildirən Qobustan Milli Tarix -Bədii Qoruğunun direktoru Vüqar İsayev qoruğun açıq səma altında qoruq-muzey kimi ölkəmizə səfər edən hər bir qonağın böyük marağına səbəb olduğunu qeyd edib, xalqımızın qədim mədəniyyətinin bənzərsiz incisi olan Qobustan qoruğunun 2007-ci ildə UNESCO-nun Dünya İrs Siyahısına daxil edildiyini qonağın diqqətinə çatdırıb.Qayaüstü təsvirlərə baxan qonaq Qobustanı dünya irsinin dəyərli hissəsi adlandırıb, ziyarət etdiyi yerlər sırasında ən heyrətamiz məkan olduğunu bildirib. Sonda qoruğun Xatirə kitabına ürək sözlərini yazan qonaq Qobustan Milli Tarix-Bədii Qoruğundan xoş təəssüratlarla ayrılıb.