Dövlət Xidmətinin rəisi Maltanın UNESCO üzrə Milli Komissiyasının sədri ilə görüşüb
Dövlət Xidmətinin rəisi Maltanın UNESCO üzrə Milli Komissiyasının sədri ilə görüşüb
Sentyabrın 20-də Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov ölkəmizdə səfərdə olan Maltanın UNESCO üzrə Milli Komissiyasının sədri Raymond Bondini qəbul edib.
Qonağı səmimiyyətlə salamlayan Zakir Sultanov ölkəmizin mədəni irsi, tarixi abidələri haqqında məlumat verərək Azərbaycanda mədəni irsin qorunması, bərpası və təbliği sahəsində görülən işlərdən danışıb. Ölkəmizin bu istiqamətdə beynəlxalq təşkilatlarla, xüsusi ilə UNESCO ilə sıx əməkdaşlıq etdiyini vurğulayıb. Hazırda ölkəmizdə bir sıra tarixi abidələrdə bərpa-konservasiya işlərinin həyat keçirildiyini diqqətə çatdıraraq qeyd edib ki, Azərbaycanın ən qədim tarixi abidələrindən biri olan Çıraqqalada bərpa-konservasiya işləri həyata keçirilir. Artıq bərpa layihəsi yekunlaşan Mərdəkan qalasında da yaxın vaxtlarda bərpa işlərinə başlanılacağını diqqətə çatdırıb.
Raymond Bondin ölkəmizin zəngin mədəni irsinin onda dərin təəssürat oyatdığını bildirərək, səfər müddətində bir sıra muzeylərdə, tarixi məkanlarda olduğunu vurğulayıb. Bildirib ki, Çıraqqala abidəsi, Hövsan və Türkan kəndləri yaxınlığında yerləşən “Araba yolları” dünya mədəni irsi baxımından unikal abidələrdir. Çıraqqalanın unikallığı qalanın böyük bir müdafiə səddinin tərkib hissəsi olması və ətraf landşaftının insan təsirlərinə az qalmasıdır. Hər iki abidənin UNESCO-nun Dünya Mədəni İrsi Siyahısına salınmasının vacibliyini qeyd edib. “Araba yolları”nın Maltada da olduğunu qeyd edək qonaq bu abidələrin dünyaya tanıdılması məqsədi ilə qarşılıqlı əməkdaşlığın qurulmasının vacibliyini vurğulayıb.
Görüşdə bu istiqamətdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub, əlaqələrin gələcək perspektivləri haqqında fikir mübadiləsi aparılıb.