16.01.2020

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu beynəlxalq konfranslarda təmsil olunub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu beynəlxalq konfranslarda təmsil olunub

Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun həm ölkə daxilində, həm də xaricdə keçirilən beynəlxalq konfranslarda iştirakı təmin edilir. Qoruq əməkdaşları qoruq ərazisində olan abidələrin tanıdılması, təbliğ edilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi məqsədilə müxtəlif mövzularda məqalələrini konfranslara göndərirlər.

Qoruğun direktoru Musa Mursaquliyev avqustun 23-dən 31-dək Türkiyədə keçirilən beynəlxalq konfranslarda iştirak edib.

23-25 avqust tarixlərində Mardin şəhərində keçirilən “II Beynəlxalq Mardin Artuklu Multidissiplinar Çalışmalar Konqresi”ndə “Avey və Keşikçidağ qoruqlarındakı abidələrin oxşar xüsusiyyətləri”, 26-27 avqustda Adıyaman şəhərində keçirilən “Xoca Əhməd Yəsəvi Beynəlxalq Elmi Araşdırmalar Konqresində” “Azərbaycanın Ağstafa və Qazax bölgələrində arxeoloji qazıntıların dünəni və bu günü”, 28-31 avqustda isə İzmirdə keçirilən “30 Avqust Beynəlxalq Elmi Araşdırmalar

Simpoziumu”nda “Azərbaycanın Qərb bölgəsi abidələrində incəsənət motivləri” adlı məruzə ilə çıxış edib. Məruzələr ətrafında müzakirələr aparılıb, məruzəçi konfrans iştirakçılarının suallarını cavablandırıb. Məruzələr konfrans iştirakçıları tərəfindən maraqla qarşılanaraq konfransın gündəliyində nəşr olunub. Gələcəkdə ölkəmizdə də bu cür beynəlxalq konfransların keçirməsi, həmçinin Azərbaycanın qərb bölgəsinə alim və arxeoloqların cəlb olunduğu yay məktəbinin təşkil olunması barədə müzakirələr aparılıb.

Sonda iştirakçılara sertifikatlar təqdim olunub.