Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin fəaliyyətinə həsr olunmuş müşavirə keçirilib
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin fəaliyyətinə həsr olunmuş müşavirə keçirilib
Noyabrın 22-də Mədəniyyət naziri Əbülfəs Qarayevin sədrliyi ilə “Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi” haqqında Prezident İlham Əliyevin imzaladığı fərmandan irəli gələn məsələlərin həllinə həsr olunmuş müşavirə keçirilib.
Müşavirədə Mədəniyyət Nazirliyinin, Dövlət Xidmətinin məsul əməkdaşları, nazirliyin tabeliyindəki qoruqların rəhbərləri, rayonlardakı abidələrin mühafizəsi üzrə məsul şəxslər iştirak edib.
Tədbirdə çıxış edən Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov Prezident İlham Əliyev tərəfindən oktyabrın 22-də Dövlət Xidmətinin 5 regional idarəsinin yaradılması haqqında fərman, “Tarix-mədəniyyət qoruqlarının yaradılması haqqında” isə sərəncam imzalandığını bildirib. Qeyd edib ki, yeni yaradılacaq regional idarələr dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinin qorunması sahəsində dövlət nəzarətini gücləndirmək, idarəetmənin səmərəliliyini təmin edəcək. Fərmana əsasən, Dövlət Xidməti daşınmaz tarix və mədəniyyət abidələrinin, tarix və mədəniyyət qoruqlarının mühafizəsinin müasir səviyyədə təşkilini, bu sahədə müasir texnologiyanın və aparıcı beynəlxalq təcrübənin tətbiqini, eləcə də tarix və mədəniyyət abidələrinin genişmiqyaslı tədqiqini təmin edəcək.
Zakir Sultanov vurğulayıb ki, fərmana uyğun olaraq ölkə ərazisində olan bütün tarixi-mədəniyyət abidələr üzrə mühafizəçilər yaradılacaq 5 regional idarənin tərkibində fəaliyyət göstərəcəklər.
Tədbirdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev son illər Mədəniyyət Nazirliyində aparılan islahatların əhəmiyyətini yüksək qiymətləndirərək deyib ki, struktur islahatlarının reallaşdırılmasında əsas məqsəd ölkəmizdə mədəniyyət siyasətinin daha məqsədyönlü və effektiv şəkildə həyata keçirilməsidir.
Nazir aparılan islahatlardan sonra Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin səlahiyyətlərinin, eləcə də üzərinə düşən məsuliyyətin daha da artdığını diqqətə çatdırıb: “Prezident İlham Əliyev Dövlət Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi ilə yanaşı, “Tarix-mədəniyyət qoruqlarının yaradılması haqqında” sərəncam da imzalayıb. Bu o deməkdir ki, nazirliyin strukturunda fəaliyyət göstərən Dövlət Xidmətinin həyata keçirdiyi işlər ölkə başçısının diqqət mərkəzindədir. Cənab Prezident xalqımızın mədəni irsinin qorunması, bərpası və təbliğinə böyük önəm verir. Ona görə də biz üzərimizə düşən məsuliyyətli vəzifəni daha yüksək səviyyədə həyata keçirməliyik”.
Əbülfəs Qarayev qeyd edib ki, bizim əsas məqsədimiz ölkə üzrə tarixi-mədəniyyət abidələrinin və qoruqların mühafizəsi, bərpa olunması, təbliği, onların fəaliyyətinin daha da effektiv, müasir tələblər səviyyəsində təşkil edilməsidir: “Bura həm ziyarətçilərin qoruqları rahatlıqla ziyarət etmələri üçün müvafiq infrastrukturun yaradılmasından tutmuş, elmi tədqiqatların aparılmasına qədər ən müxtəlif istiqamətlər aiddir. Tarixi abidələrin mühafizəsi, təbliği, qoruqların fəaliyyəti ölkəmizin müasir inkişaf səviyyəsinə uyğun qurulmalıdır. Bu, xidmət səviyyəsinin yüksəldilməsi, eləcə də ödənişli xidmətlərin təşkili kimi məsələləri əhatə edir”.
Nazir vurğulayıb ki, qeyd olunan məsələlərin həll edilməsi qarşımıza qoyulan məqsədlərə nail olmağa imkan yaradacaq.
Müşavirənin sonunda Əbülfəs Qarayev tarixi-mədəniyyət abidələrinin mühafizəsi, qoruqların fəaliyyətinin yüksəldilməsi istiqamətində tapşırıq və tövsiyələrini verib.