Qobustan abidələrinin tədqiqatçısı Firuzə Muradovanın 85 illik yubileyi qeyd olunub
Qobustan abidələrinin tədqiqatçısı Firuzə Muradovanın 85 illik yubileyi qeyd olunub
Qobustan Milli Tarix-Bədii Qoruğunda tanınmış arxeoloq, tarix üzrə fəlsəfə doktoru, Qobustan abidələrinin tədqiqatçısı Firuzə Muradovanın 85 illik yubileyi münasibəti ilə tədbir keçirilib. Yubiley tədbirini giriş sözü ilə açan Qobustan Milli Tarix- Bədii Qoruğunun direktoru Vüqar İsayev Firuzə Muradovanı yubiley münasibəti ilə təbrik edib, onun Qobustan abidələrinin tədqiqi və öyrənilməsi işindəki xidmətlərindən danışıb. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini Könül Cəfərova Qobustan qayaüstü təsvirlərinin öyrənilməsində Firuzə Muradovanı xidmətlərini yüksək qiymətləndirib. Ona 85 illik yubileyi münasibəti ilə xoş arzularını çatdırıb.
Xalqımızın milli sərvəti olan Qobustan qayaüstü təsvirlərinin öyrənilməsində Firuzə Muradovanın müstəsna xidmətləri olduğunu diqqətə çatdıran Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli onun yorulmaz elmi fəaliyyətinin gənc nəslə örnək olduğunu bildirib.
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova, Tarix elmləri doktoru, professor Vəli Əliyev və başqaları çıxış edərək arxeologiya elmi qarşısında əvəzsiz xidmətləri olmuş Firuzə Muradovanın mənalı həyat yolu və səmərəli iş fəaliyyətindən söz açıblar.
Sonra yubilyarın şərəfli ömür yolundan bəhs edən videoçarx nümayiş olunub.
Sonda Firuzə Muradova onun elmi fəaliyyətinə göstərilən diqqətə görə öz minnətdarlığını ifadə edib.
Qeyd edək ki, Firuzə Muradova 100-dən çox elmi əsərin, xarici nəşrlərdə yayımlanmış 15 elmi əsərin, "Qobustan tunc dövründə", "Qobustan petroqlifləri", "Kiçikdaş abidələri" adlı kitabların müəllifidir.