Qobustanda Avropa Qayaüstü İncəsənəti Günü qeyd olunacaq
Qobustanda Avropa Qayaüstü İncəsənəti Günü qeyd olunacaq
Oktyabrın 9-da Qobustan Milli Tarix-Bədii Qoruğunda məktəblilər üçün “Açıq qapı” günü təşkil olunacaq. Qoruq məktəbliləri “Prehistoric Rock Art Trails” (PRAT-CARP) mədəni marşrutu tərəfindən elan olunmuş məktəbli uşaqlar arasında “İlk avropalıların incəsənəti gələcək avropalıların gözü ilə” ("The first Art of Europeans seen by Europeans of the future") adlı ümumavropa rəsm müsabiqəsində iştirak etməyə dəvət edir.
Müsabiqədə iştirak edəcək məktəblilər Qobustan muzeyi və qayaüstü rəsmləri ilə tanış olmaq, arxeoloq və sənətşünasların qədim qayaüstü təsvirlər və müasir rəssamlıq sənəti haqqında söhbətlərini dinləmək imkanı qazanacaqlar. Sonda uşaqlar ekskursiya müddətində gördükləri və mütəxəssislərdən eşitdikləri məlumatlar əsasında rəsmlər çəkəcəklər. Müsabiqədə 6-14 yaşlı uşaqlar iştirak edə bilər. Müsabiqənin sonunda peşəkar rəssamlar tərəfindən seçiləcək işlər ümumavropa müsabiqəsində Qobustan Milli Tarix-Bədii Qoruğunu təmsil etmək üçün göndəriləcək. Seçilmiş işlər İspaniyada təşkil olunacaq sərgidə və nəşr olunacaq kataloqda öz əksini tapacaq.
Qeyd edək ki, 9 oktyabr 1902-ci il tarixində görkəmli fransız arxeoloqu Emil Kartailak ispan həmkarı Marcelino Sanz de Sautuolanın qızı Mariyaya yazdığı məktubda onun atası tərəfindən aşkar olunmuş Altamira mağarasındakı qayaüstü təsvirlərin qədimliyinə şübhə ilə yanaşmasının səhv olduğunu etiraf edib.
Bu münasibətlə Avropa Şurası Mədəni Marşrutlar İnstitutunun “Prehistoric Rock Art Trails” (PRAT-CARP) mədəni marşrutu tərəfindən etiraf məktubunun yazıldığı 9 oktyabr tarixinin Avropa Qayaüstü İncəsənəti Günü kimi qeyd olunması qərara alıb.