“Tarixi Yerlər və Abidələr” I Beynəlxalq Quba Simpoziumu keçirilir
“Tarixi Yerlər və Abidələr” I Beynəlxalq Quba Simpoziumu keçirilir
Sentyabrın 13-də Quba Soyqırımı Memorial Kompleksində işə başlayan “Tarixi Yerlər və Abidələr” I Beynəlxalq Quba Simpoziumunda beş ölkədən 50-ə yaxın alim və tədqiqatçı iştirak edir.
İki gün davam edəcək simpozium Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Quba Soyqırımı Memorial Kompleksi, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və Gürcüstan Qafqaz İrs Araşdırma İnstitutunun birgə təşkilatçılığı ilə keçirilir.
Simpoziumun iştirakçıları əvvəlcə soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri düzərək, xatirələrini ehtiramla anıblar.
Daha sonra tədbir iştirakçıları kompleksdə Azərbaycanın, o cümlədən Qubanın tarixinə aid və “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai birliyinin çap etdirdiyi kitablardan, həmçinin Quba xalçalarından və “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun kəlağayılarından ibarət sərgilərlə tanış olublar.
“Tarixi Yerlər və Abidələr” I Beynəlxalq Quba Simpoziumu plenar iclasla davam edib.
Quba Soyqırımı Memorial Kompleksinin direktoru, tarix üzrə fəlsəfə doktoru Rəxşəndə Bayramova bildirib ki, simpoziumun keçirilməsinin əsas məqsədi dünyanın və Azərbaycanın müxtəlif yerlərində tarixi-mədəni irsi, memarlıq və xatirə abidələri, qədim şəhərləri və insanların həyat tərzini araşdıran alim və tədqiqatçıları bir araya gətirmək, regionlarda elm və mədəniyyətin inkişafına ictimai dəstək verməkdir.
Tədbirin Quba Soyqırımı Memorial Kompleksində keçirilməsinin əsas səbəbi bu məkanın türk-müsəlman dünyasında erməni vandalizmini özündə əks etdirən yeganə ideoloji mərkəz olması və ilk Cümhuriyyət şəhidlərinin - 1918-ci ildə soyqırıma məruz qalmış günahsız insanların uyuduğu müqəddəs yerin burada yerləşməsi ilə əlaqədardır.
Diqqətə çatdırılıb ki, 1918-ci ilin 15 sentyabrı Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Həmin gün Bakı erməni-bolşevik işğalından azad edilib. 1918-ci ilin ilk möhtəşəm və tarixi hadisəsi Azərbaycan Xalq Cümhuriyyətinin yaranması idisə, ikincisi Bakının işğaldan azad olunması idi. Bakının azad olunması ilə Azərbaycanda dövlət quruculuğunun əsas mərhələsinə start verildi. Simpoziumun qeyd olunan tarixi hadisənin 101-ci illiyi ərəfəsində təşkili bu tarixi günü bir daha yada salmaq, xatırlamaq məqsədi daşıyır.
Simpoziumda Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abasova, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi, tanınmış Nəsimi və hürufilik tədqiqatçısı professor Fatih Usluer məruzələrlə çıxış ediblər.
Sentyabrın 14-də yekunlaşacaq simopoziumda Azərbaycan, Türkiyə, İtaliya, Gürcüstan və Omandan olan alimlərin məruzələri dinləniləcək.