İdarələrarası Mərkəzin “Elm, təhsil və mədəniyyət məsələləri üzrə” İşçi Qrupunun iclası keçirilib
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin “Elm, təhsil və mədəniyyət məsələləri üzrə” İşçi Qrupunun növbəti iclası keçirilib.
İşçi Qrupda təmsil olunan Prezident Administrasiyasının, Mədəniyyət, Təhsil nazirliklərinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Əqli Mülkiyyət və Dövlət Turizm agentliklərinin, Qarabağ Dirçəliş Fondunun və AMEA-nın nümayəndələri iştirak ediblər.
İclasda elmi görüşlərin nəticələri və gələcək perspektivləri haqqında məlumatlar, təhsil infrastrukturu, icraatda olan işlərin ilkin nəticələri, turizm imkanlarının perspektivləri barədə müzakirələr aparılıb, qarşıda duran məsələlərlə bağlı aidiyyəti dövlət qurumlarına tapşırıqlar verilib.
Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərlinin də iştirak etdiyi iclasda həmçinin işğaldan azad edilmiş torpaqlarda mədəni irsin qorunması, bərpası və təbliği, son arxeoloji araşdırmalar, İşğal və Zəfər muzeylərinin layihələndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.