Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin yenilənmiş saytı təqdim olunub
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin yenilənmiş saytı təqdim olunub
Oktyabrın 22-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin yenilənmiş saytının (irs.gov.az) təqdimatı keçirilib.
Dövlət Xidmətinin rəisi Azad Cəfərli saytın yenilənməsinin zərurətindən danışaraq bildirib ki, öz fəaliyyətində açıq informasiya siyasətini prioritet istiqamətlərdən biri kimi müəyyən edən qurum ictimaiyyətin məlumatlandırılması və əlaqələrin daha operativ qurulması sahəsində əsas kommunikasiya vasitələrinin təkmilləşdirilməsini diqqət mərkəzində saxlayır.
Vurğulanıb ki, saytın yenilənməsində məqsəd istifadəçilərin rahatlığını təmin etmək və müasir tələblərə uyğunlaşdırmaqdır. Sayt həm Dövlət Xidmətinin rəsmi internet resursu, həm də ölkəmizin daşınmaz tarix-mədəniyyət abidələri ilə bağlı portal rolunu oynayacaq: “Yenilənmiş sayt həm dizayn, həm də məzmun cəhətdən əvvəlki versiya ilə müqayisədə daha da təkmilləşdirilib və yeni informasiyalarla zənginləşdirilib. İstifadəçi rahatlığını təmin etmək üçün daha müasir proqram təminatlarından istifadə olunub”.
Qeyd olunub ki, saytda naviqasiya rahatlığını təmin etmək üçün ən çox istifadə olunan bölmələr ümumi paneldə cəmləşdirilib: “Sayt “Google”un axtarış standartlarına əsasən hazırlanıb. Bu da axtarış sistemlərində əlaqəli olan açar sözlər axtarıldığı zaman saytda olan məlumatların istifadəçilər üçün ən ön sıralarda göstərilməsinə imkan yaradır. Saytın mobil versiyası da yaradılıb və yaxın günlərdə istifadəyə veriləcək”.
Azad Cəfərli işğaldan azad olunmuş ərazilərdə yerləşən tarix-mədəniyyət abidələri ilə bağlı məlumat bazası rolunu oynayan saytın da hazırlandığını, yaxın zamanda ictimaiyyətə təqdim ediləcəyini diqqətə çatdırıb.
Bildirib ki, Dövlət Xidmətinin yeni saytında tarixi abidələrin əhəmiyyət dərəcələrinə uyğun bölmələr yaradılıb. Hər bölmədə yer alan tarixi abidələr haqqında geniş məlumatlar, xəritə üzərində koordinatlar, foto şəkillər, abidədə aparılmış bərpa-konservasiya işləri haqqında informasiyalar öz əksini tapıb. Saytın xəritə bölməsində tarix-mədəniyyət abidələri Azərbaycan Respublikasının xəritəsi üzərində yerləşdiyi əraziyə uyğun olaraq əks olunub. Saytda Dövlət Xidmətinin tabeliyində 13 tarix-mədəniyyət qoruğu haqqında da məlumat yer alıb.
Dövlət Xidmətinin regional idarələri haqqında məlumat verən Azad Cəfərli bildirdi ki, ölkə başçısının 2019-cu ildə imzaladığı fərmana əsasən, qurumun beş regional idarəsi yaradılıb. Hazırda Dövlət Xidmətinin Bakı, Gəncə, Şabran, Salyan və Qəbələ regional idarələri fəaliyyət göstərir. İdarələrin əməkdaşları və abidə mühafizəçiləri əsasən gənc və perspektivli kadrlardan ibarətdir. Eyni zamanda Qarabağ müharibəsi iştirakçıları və şəhid ailələrinin üzvləri olan şəxslərin işə qəbul edilməsinə də xüsusi diqqət yetirilir. İlin əvvəlindən 25 nəfər müharibə iştirakçısı və ya onların ailə üzvü Dövlət Xidmətində müxtəlif vəzifələrdə işlə təmin edilib.
Təqdimatda Mədəniyyət Nazirliyi tərəfindən işğaldan azad olunmuş ərazilərdə aparılan ilkin monitorinqlərin nəticələri barədə də məlumat verilib. Diqqətə çatdırılıb ki, indiyədək aparılmış ilkin monitorinqlər zamanı dövlət qeydiyyatında olan 385 tarix-mədəniyyət abidəsinə baxış keçirilib. Bundan əlavə, həmin ərazilərdə yerləşən dövlət qeydiyyatında olmayan tarixi, memarlıq, arxeoloji əlamət daşıyan 144 obyektin də monitorinqi aparılıb.
Vurğulanıb ki, aparılan ilkin monitorinqlər zamanı ümumilikdə 864 mədəniyyət müəssisəsi aşkar edilib ki, onlardan 462-si kitabxana, 348-i klub müəssisəsi, 20-si muzey, 26-sı uşaq musiqi məktəbi, 1-i kinoteatr, 2-si teatr, 2-si qalereya, 3-ü kinoklubdur. Monitorinqlərlə bağlı məlumatlar Şuşa, Cəbrayıl, Füzuli, Zəngilan, Xocavənd, Qubadlı, Ağdam və Kəlbəcər rayonlarını əhatə edir. Baxış keçirilən obyektlərin əksəriyyətinin işğalçılar tərəfindən tamamilə dağıdılaraq vandalizmə məruz qaldığı aşkar edilib.