Mədəniyyət Nazirliyinin rəhbərliyi və mədəniyyət xadimləri Ulu öndərin məzarını ziyarət ediblər
Dekabrın 12-si dünya şöhrətli siyasətçi, xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anım günüdür. Ulu öndərin vəfatının 18-ci ildönümündə dövlət rəsmiləri, ictimaiyyət nümayəndələri Fəxri xiyabana gələrək Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anıblar.
Mədəniyyət Nazirliyinin rəhbərliyi və tanınmış mədəniyyət xadimləri də görkəmli dövlət xadimi, dahi siyasətçi, mədəniyyətimizin böyük himayədarı Heydər Əliyevin məzarını ziyarət ediblər.
Mədəniyyət naziri Anar Kərimov, nazirin birinci müavinləri Vaqif Əliyev, Elnur Əliyev, nazirlik aparatının əməkdaşları, struktur bölmələrin və yaradıcılıq təşkilatlarının rəhbərləri Fəxri xiyabanda Heydər Əliyevin məzarüstü abidəsinin önünə gül dəstələri qoyub, ulu öndərin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Ümummilli liderin ömür-gün yoldaşı, Azərbaycan səhiyyəsinin inkişafında silinməz iz qoyan görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri qoyulub.