20.12.2021

Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş dəyirmi masa təşkil olunub

Dekabrın 17-də Gəncə şəhərində Nizami Gəncəvi Muzeyində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin “Orta əsr Ağsu şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu və Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun təşkilatçılığı ilə Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib. Dəyirmi masada “Orta əsr Ağsu şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun Gəncə şəhərinə ezam olunmuş heyəti, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun əməkdaşları, Dövlət Xidməti Gəncə Regional Mədəniyyət İdarəsinin rəhbəri Həsən Mirzəyev, Nizami Məqbərəsi Kompleksinin direktoru Gülnarə İsmaılova və Kompleksin əməkdaşları, Gəncə Maarif Evinin rəhbəri İmamverdi Vəliyev, Nizami Gəncəvi Muzeyinin direktoru Könül Süleymanova, AMEA Gəncə Bölməsinin ədəbiyyat şöbəsinin müdiri Ruziyə Quliyeva iştirak edib.

Əvvəlcə tədbir iştirakçıları Nizami məqbərəsini ziyarət edib və dahi şairin qəbri üzərinə gül dəstəsi düzüblər. Sonra Nizami muzeyi ilə tanışlıq olub. Dəyirmi masada Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Cumalik Rəhimov bütün iştirakçıları salamlayıb, qoruğun fəaliyyətindən, ümumilikdə Gəncə qoruğunun yaranması və Nizami Gəncəvi məqbərəsinin inşası tarixindən bəhs edib. Nizami Məqbərəsi Kompleksinin direktoru Gülnarə İsmayılova Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında geniş məlumat verib. Daha sonra dəyirmi masada Nizami Gəncəvi yaradıcılığına dair fikir mübadiləsi aparılıb.

Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğuna və Nizami Gəncəvi Muzeyinə “Orta əsr Ağsu şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun kitab hədiyyələri təqdim olunub. Daha sonra “Gəncə” Dövlət Tarix-Mədəniyyət Qoruğunun abidələrinə ekskursiya təşkil olunub.