Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş forum keçirilib
Aprelin 18-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və İCOMOS Azərbaycan Milli Komitəsinin birgə təşkilatçılığı ilə Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş forum keçirilib.
Tədbirdə çıxış edən Dövlət Xidmətinin rəisi Azad Cəfərli Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününün qeyd olunmasının əhəmiyyətindən danışıb. Bildirib ki, məqsədi insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltmək olan bu əlamətdar gün ölkəmizdə də hər il geniş şəkildə qeyd olunur.
Qeyd edib ki, bu gün Azərbaycan xalqının əsrlər boyu yaratdığı mədəni irs nümunələrindən üçü - Şirvanşahlar Sarayı və Qız Qalası ilə birlikdə İçərişəhər, Qobustan Qaya Sənəti Mədəni Landşaftı və Şəki xan sarayı ilə birlikdə Şəkinin tarixi mərkəzi UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilib və dünya mədəni irs xəzinəsinin bir parçası kimi qorunmaqdadır.
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında milli mədəni irsimizin qorunması, tədqiqi, gələcək nəsillərə çatdırılması, dünya miqyasında təbliği və eləcə də işğaldan azad olunmuş ərazilərdə yerləşən tarixi abidələrin bərpası istiqamətində böyük işlər görüldüyünü diqqətə çatdırıb.
Azad Cəfərli qeyd edib ki, bu gün keçirilən tədbirdə qaldırılacaq mövzular və onlar ətrafında aparılacaq fikir mübadiləsi hər birimiz üçün mühüm məqamları sərgiləmiş olacaq: “Fürsətdən istifadə edib İCOMOS-un vitse-prezidenti, xanım Zeynəb Gül Ünala iştirakına görə təşəkkür etmək istərdim. Dünən biz birlikdə Ağdam şəhərini ziyarət etdik, orada işğal nəticəsində baş vermiş dağıntıları gördük, lakin eyni zamanda yeni reallığa, dövlətimizin quruculuq işlərinə şahidlik etdik”.
ICOMOS-un vitse-prezidenti Zeynəb Gül Ünal təmsil etdiyi qurumun fəaliyyəti haqqında ətraflı məlumat verib. Bildirib ki, ICOMOS - Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şura mədəni irsin mühafizəsi, tarixi abidələrin bərpası sahəsində çalışan təşkilatdır və UNESCO-nun maddi-mədəni irs məsələləri üzrə məşvərətçi qurumudur. ICOMOS memarlıq və arxeoloji irsin konservasiyası üçün nəzəri, metodoloji və elmi üsulların tətbiqinin stimullaşdırılması üzrə ixtisaslaşmış yeganə qlobal qeyri-hökumət təşkilatıdır. Zeynəb Gül Ünal qeyd edib ki, ICOMOS – memarlar, tarixçilər, arxeoloqlar, incəsənət tarixçiləri, coğrafiyaşünaslar, antropoloqlar, mühəndislər və şəhərsalma mütəxəssislərindən ibarət geniş beynəlxalq şəbəkədir. O, Azərbaycanda ICOMOS Milli Komitəsinin yaradılmasını alqışlayaraq quruma işində uğurlar arzulayıb. Zeynəb Gül Ünal, həmçinin mədəni irs nümunələrinin mühafizəsi baxımından 1983-cü ildə ICOMOS-un təklifi ilə UNESCO tərəfindən Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününün təsis olunması xüsusi əhəmiyyətə malik olduğunu da vurğulayıb.
Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə çıxış edərək ölkəmizin tarix-mədəniyyət abidələrinin beynəlxalq müstəvidə təbliğatı məsələsinə diqqət çəkib. Qeyd edib ki, Prezident İlham Əliyevin böyük diqqət və qayğısı sayəsində ölkəmizdə tarixi abidələrin tədqiqi, mühafizəsi və bərpası, mədəniyyət nümunələrinin beynəlxalq aləmdə təbliği istiqamətində böyük işlər görülür. Bütün bunlar isə Azərbaycanın qlobal dünyaya öz maddi və mənəvi mədəniyyəti ilə birgə inteqrasiyasını təmin edir. O, mədəni irsin məruz qaldığı müxtəlif təbii təsirlərin qarşısının alınmasının vacibliyi diqqətə çatdırıb.
"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin aparat Rəhbəri Riad Qasımov İçərişəhərdə tarixi abidələrin qorunması, bərpa-konservasiyası təcrübəsindən danışıb. Eləcə də mədəni irsin məruz qaldığı müxtəlif təbii təsirlərin qarşısının alınmasının vacibliyi diqqətə çatdırıb.
İCOMOS Türkiyə Milli Komitəsinin üzvü Banu Çelebioğlu qardaş ölkədə tarixi abidələrin qorunması, onların böhranlı vəziyyətlər zamanı idarə olunması təcrübəsindən danışıb.
Daha sonra forum öz işini “İCOMOS və Azərbaycanın dünya əhəmiyyətli maddi-mədəni irsi”, “Azərbaycanda abidələrin bərpası və konservasiyası təcrübələri” və “Fövqəladə hallar zamanı mədəni irsin qorunması” mövzularında panel müzakirələrlə davam etdirib.
Sonda mədəni irsin qorunmasına verdiyi töhfələrə görə bir qrup şəxsə fəxri diplomlar təqdim olunub.