22.02.2022

Dövlət Xidmətinin rəisi Azad Cəfərli “XI Beynəlxalq Multikulturalizm Qış məktəbi”nin iştirakçıları ilə görüşüb

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “XI Beynəlxalq Multikulturalizm Qış məktəbi” çərçivəsində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli yerli və xarici tələbələr üçün mühazirə oxuyub.

Mühazirə “Müharibə cinayətləri mədəni irsə qarşı: Qarabağ münaqişəsinin tarixi konteksində” mövzusuna həsr olunub.

Azad Cəfərli bildirib ki, işğaldan azad olunmuş ərazilərə mədəniyyətin qayıtarılması ən mühüm istiqamətlərdən biridir. Bu ərazilərə həyatın yenidən qayıdışı, mədəni həyatın yenidən bərqərar olunması çox böyük önəm daşıyır.

Azad Cəfərli mühazirəsində tələbələrə işğaldan azad olunmuş ərazilərdə yerləşən tarix və mədəniyyət abidələrinin hazırki vəziyyəti haqqında geniş məlumat verib. Bildirib ki, 44 günlük Vətən müharibəsi nəticəsində 30 ilə yaxın bir dövrdə işğal altında qalmış mədəni irs nümunələri öz həqiqi sahiblərinə qaytarılıb. Həmin tarixi abidələrin böyük əksəriyyəti Ermənistan Respublikası tərəfindən dağıdılıb, vandalizmə və mənimsəməyə məruz qoyulub.

Xidmət rəisi eyni zamanda azad olunmuş ərazilərdə mina təhlükəsindən də danışıb. Qeyd edib ki, azad olunmuş torpaqlarımızda insanlarımız mina təhlükəsinə görə sərbəst hərəkət edə bilmirlər. Təkcə Ağdamda 100 mindən çox mina basdırılıb. Ancaq hələ ki, minaların təmizlənməsi prosesi gedir.

Azad Cəfərli vurğulayıb ki, Qarabağ həqiqətlərini dünyaya çatdırmaq məqsədilə 20 hektarlıq ərazidə “Zəfər muzeyi” yaradılacaq.

Sonda tələbə və tədqiqatçıları maraqlandıran suallar cavablandırılıb.