"Keşikçidağda Novruz adətləri yaşadılır" adlı festival keçirilib
Martın 16-da “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində “Keşikçidağda Novruz adətləri yaşadılır” adlı festival keçirilib.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin dəstəyi ilə təşkil olunan festival xalqımızın qədim adət-ənənələrinin yaşadıldığı milli bayramlarımızdan biri olan Novruzu gənc nəslə aşılanması məqsədi daşıyır.
“Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğuna məxsus informasiya mərkəzinin önündə təşkil edilən festivalda şəhid övladları, qazilər, bir çox idarə və təşkilatların məsul şəxsləri, el ağsaqqalları, tanınmış ziyalılar da iştirak edib.
İştirakçılar qədim musiqi alətlərimiz olan saz, qara zurna, nağara, ud sədaları altında, kosa, keçəl, bahar qızının iştirakı ilə qarşılanıb.
Sonra qonaqlar Novruz atributları ilə bəzədilmiş dekorasiyalarla və alaçıqlarla tanış olublar, Novruz bayramı və adətləri haqqında fikirlərini bölüşüblər.
“Yallı”, səhənglə su gətirən qızların rəqsləri və “Çövkən” milli atüstü oyununun nümayiş xüsusi maraqla qarşılanıb.