12.12.2022

Mədəniyyət Nazirliyinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

12 dekabr dünya şöhrətli siyasətçi, xalqımızın Ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin (1923-2003) anım günüdür.

Ulu öndərin vəfatının 19-cu ildönümündə dövlət rəsmiləri, ictimaiyyət nümayəndələri Fəxri xiyabana gələrək Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anıblar.

Mədəniyyət Nazirliyinin kollektivi də görkəmli dövlət xadimi, dahi siyasətçi, mədəniyyətimizin böyük himayədarı Heydər Əliyevin məzarını ziyarət edib.

Mədəniyyət naziri Anar Kərimov, nazirin birinci müavini Vaqif Əliyev, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev və nazirliyinin əməkdaşları Fəxri xiyabanda Heydər Əliyevin məzarüstü abidəsinin önünə gül dəstələri qoyub, əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Ziyarət zamanı Ümummilli liderin ömür-gün yoldaşı, Azərbaycan səhiyyəsinin inkişafında müstəsna xidmətləri olan görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri qoyulub.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.