17.06.2022

“Milli İrs Şəbəkəsi" (“Heritage Azerbaijan” platforması) təsis olunub

İyunun 17-də UNESCO-nun Dünya Mədəni və Təbii İrsinin Qorunmasına dair 1972-ci il Konvensiyası çərçivəsində “İrsin idarəedilməsi bacarıqlarının inkişafı” mövzusunda dörd günlük təlim başa çatıb.

Tədbirdə çıxış edən təlim proqramının rəhbəri, Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının idarə heyətinin sədri Vasif Eyvazzadə bildirib ki, artıq dörd gündür ölkəmizin irs idarəetməsində aparıcı qurumların nümayəndələri irsin idarə edilməsi mövzusunda ilk dəfə olaraq vahid təlim proqramında bir araya gəlib.

Konvensiyaya münasibətdə irs obyektlərinin qorunması və idarə edilməsində çıxışçıların təqdimatları, eləcə də gündəlik xüsusi ekspertlərin təqdimatı təşkil edilib.

Gündəlik təlim sessiyalarında təqdim olunan mövzular, qaldırılan məsələlər ətrafında auditoriyanın həssaslığı, ünvanlanan çoxsaylı suallar irs idarəetməsi sahəsində müasir çağırışlar fonunda yeni qurumlararası əməkdaşlığın və təcrübə mübadiləsinin vacibliyini önə çıxarıb.

Təlimin dördüncü günündə Qobustan Milli Tarix-Bədii qoruğunun direktoru Vüqar İsayev çıxış edərək bu təlim layihəsini yüksək qiymətləndirdiyini bildirib. Dünya İrsi siyahısında yer almış Qobustan abidələrinin qorunması, ərazidə aparılan elmi-tədqiqat və arxeologiya işləri və qoruq tərəfindən icra edilən təbliğat-maarifləndirmə işləri haqqında məlumat verib. O, həmçinin qoruğun beynəlxalq əməkdaşlıq, təcrübə mübadiləsi və sərgi ekspozisiyaların təşkili sahəsində təcrübələrini bölüşüb. İqlim təsirlərinin açıq səma altında muzey kimi qorunan qayalara təsirləri, bərpa konservasiya təcrübələri haqqında verilən sualları cavablandırıb.

Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin layihələrin idarə edilməsi şöbəsinin böyük mütəxəssisi, Mədəni turizm üzrə ekspert Elçin Kərimov Dünya irsi ərazisi qismində Şəki şəhərinin tarixi mərkəzi kimi Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğunun idarəetmə təcrübəsi, menecment, konservasiya, urban regenerasiya və risk menecment planlarının hazırlanması və işlənməsi mərhələləri, bərpa təlimatları haqqında təqdimatla çıxış edib.

Təqdimatda qoruq ərazisində milli irs nümunələrinin, sənətkarlıq, adət-ənənələrin, meşə örtüyünün dünya irsi ərazisinin yardımçı atributları kimi imkanlarından və onların mühafizə tədbirlərindən bəhs edilib.

Təlim prosesində interaktiv metodları istifadə edilməklə iştirakçılara konkret keyslər ətrafında müzakirə aparmaq, təlim prosesində qaranlıq məqamlarla bağlı suallar vermək imkanı yaradılıb.

Təlim sessiyasından sonra Vasif Eyvazzadə təlim günlərində iştirakçılar tərəfindən qaldırılan məsələlər, ölkəmizdə irsin qorunması və idarə edilməsi sahəsində çoxsaylı suallar və çətinliklərin olduğunu, eləcə də təlim proqramının iştirakçılarının sahəvi məsələlərə dair həssaslığı və yüksək motivasiyasını nəzərə alaraq yeni bir ictimai platformaya ehtiyac olduğunu bildirərək, “Milli İrs Şəbəkəsi” (“Heritage Azerbaijan” platforması) ideyasını təqdim edib.

V.Eyvazzadə öz təklifində bu ictimai platformanın məqsədi kimi mədəni irs sahəsində müasir çağırışlar fonunda qurumlararası əməkdaşlığın və təcrübə mübadiləsinin stimullaşdırılması, maarifləndirmə işinin təşkili və məlumatların geniş auditoriyaya çatdırılması üçün təbliğat kampaniyalarının həyata keçirilməsi, bilik-bacarıqların artırılması, dövlət-özəl, dövlət-icma, özəl-icma əməkdaşlığının təşviqi, mədəni irsin qorunması, bərpası və inkişafında icma mədəniyyətinin inkişafı kimi məqsədlərin aktual ola biləcəyini vurğulayıb.

Yekunda təlim iştirakçıları təlim kursunu uğurla bitirmələrinə görə sertifikatla təltif edilib. Həmçinin, təlim proqramının ekspert təlimçiləri və təşkilatçılarına da təşəkkürnamələr təqdim edilib.