Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 20-də ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki qəbul edib.
Dövlətimizin başçısı ICESCO-nun Baş direktorunun keçən il Ağdam və Füzuliyə, bu il isə Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya səfərindən məmnunluğunu bildirdi, Salim bin Məhəmməd əl-Malikin Şuşada təşkil edilən beynəlxalq konfransda iştirakını yüksək qiymətləndirdi.
Prezident İlham Əliyev Azərbaycanın uzun illər ICESCO ilə səmərəli və uğurlu əməkdaşlıq həyata keçirdiyini vurğulayaraq, torpaqlarımızın ermənilər tərəfindən işğal olunduğu, eləcə də 44 günlük müharibə dövründə ICESCO-nun ölkəmizin ədalətli mövqeyini davamlı dəstəklədiyinə görə minnətdarlığını bildirdi. Dövlətimizin başçısı qeyd etdi ki, biz istərdik UNESCO-nun nümayəndələri də işğaldan azad olunmuş ərazilərə səfər edərək ermənilərin törətdikləri dağıntıları öz gözləri ilə görsünlər. Lakin əfsuslar olsun ki, müharibənin bitməsindən il yarımdan artıq vaxt keçməsinə baxmayaraq, bu təşkilatın nümayəndələri həmin ərazilərə səfər etməyiblər. Prezident İlham Əliyev qeyd etdi ki, ermənilər tərəfindən ölkəmizə vurulan maddi ziyanın qiymətləndirilməsində və bunun beynəlxalq ictimaiyyətə çatdırılmasında ICESCO-nun fəaliyyəti və onun ekspertlərinin iştirakı önəmli rol oynaya bilər.
Dövlətimizin başçısı Bakıda ICESCO-nun Regional Ofisinin yaradılmasının əməkdaşlığımızın genişləndirilməsi işində əhəmiyyətini qeyd etdi, bu təşkilatın Azərbaycanın haqq işinə göstərdiyi dostluq və tərəfdaşlıq dəstəyinə görə bir daha təşəkkürünü bildirdi.
Xoş sözlərə görə minnətdarlığını ifadə edən ICESCO-nun Baş direktoru işğaldan azad edilmiş ərazilərə bundan əvvəlki səfərini xatırladaraq, həmin səfər zamanı orada gördükləri mənzərənin onları çox məyus etdiyini bildirdi, həmin ərazilərdə kütləvi dağıntıları, hər şeyin yerlə-yeksan olunduğunu gördüklərini dedi. Eyni zamanda, Salim bin Məhəmməd əl-Malik budəfəki səfəri zamanı işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən böyük quruculuq işlərinin şahidi olduqlarını məmnunluqla qeyd etdi. Bu yerlərin çox gözəl olduğunu vurğulayan ICESCO-nun Baş direktoru artıq xarici ölkələrdən də çox sayda insanın buraya gəlmək istədiklərini bildirdi. Bu baxımdan Salim bin Məhəmməd əl-Malik dövlətimizin başçısının işğaldan azad edilmiş ərazilərə mütəmadi səfərlərini və bu səfərlər zamanı məscidləri ziyarətini, insanlarla görüşlərini, orada çalışanlara verdiyi mənəvi dəstəyi yüksək qiymətləndirdi. ICESCO-nun Baş direktoru Şuşaya səfəri zamanı kilsəyə də baş çəkdiklərini və orada bərpa işlərinin yekunlaşmaq üzrə olduğunu qeyd etdi.
ICESCO-nun Baş direktoru dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim etdi.