21.04.2022

“Şuşa - Azərbaycanın mədəniyyət paytaxtı” adlı kataloqun təqdimatı keçirilib

Aprel ayının 20-də Azərbaycan Milli İncəsənət Muzeyində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə hazırlanan “Şuşa - Azərbaycanın mədəniyyət paytaxtı” adlı kataloqun təqdimatı keçirilib.

Tədbirdə Dövlət Xidmətinin rəisi Azad Cəfərli, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov və Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov iştirak edib.

Dövlət Xidmətinin rəisi Azad Cəfərli media mənsublarını salamladıqdan sonra, təqdim edilən “Şuşa-Azərbaycanın mədəniyyət paytaxtı” adlı nəşrin əhəmiyyətindən bəhs edib.

Vurğulayıb ki, "Şuşa ili" çərçivəsində hazırlanan kataloqun əhəmiyyəti arxiv sənədi qismində müstəsnadır. Azad Cəfərli bildirib ki, “2022-ci il Prezident İlham Əliyev tərəfindən ölkəmizdə “Şuşa ili” elan ediliməsi Dövlət Xidmətinin qarşısında yeni məqsədlər, yeni vəzifələr qoyub. Bu gün təqdimatını keçirdiyimiz Şuşa şəhərində yerləşən və dövlət qeydiyyatına alınmış tarix-memarlıq abidələrindən təfsilatlı bəhs olunan “Şuşa – Azərbaycan mədəniyyətinin paytaxtı” adlı nəşrin çap olunması “Şuşa ili”nə verilən töhfədir. İki dildə - Azərbaycan və ingilis dillərində nəşr olunan kataloqda Şuşa şəhərində yerləşən tarix-mədəniyyət abidlərinin işğaldan əvvəl və sonrakı görüntüləri, arxiv sənədləri, onların cizgiləri, abidələr haqqında müfəssəl məlumatlar öz əksini tapıb. Eyni zamanda tarix-mədəniyyət abidələrinin hazırki vəziyyətini əks etdirən dron görüntüləri və xəritə üzərində yerləşdiyi məkanlar qeyd olunub. Kataloqda Şuşa şəhərində işğalın nəticələrini tam əks etdirilməsinə çalışmışıq”.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov qeyd edib ki, “Ərazilərimiz işğaldan azad edildikdən dərhal sonra bərpa-quruculuq işlərinə başlanılıb. Ölkəmizin mədəniyyət paytaxtı olan Şuşa şəhəri bərpa-quruculuq işlərinin mərkəzində dayanır. Ötən dövr ərzində infrastruktur layihələri ilə bərabər tarix-mədəniyyət abidələrinin bərpası işlərinə də xüsusi diqqət yetirilib. Bu sahədə həyata keçirilən işlər uğurla davam etdirilir və bu kataloq da məhz bu tədbirlər çərçivəsində hazırlanıb”.

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov media mənsublarının diqqətini kataloqda əks olunan faktların gələcək nəsillər üçün, Azərbaycan gerçəklərini dünya ictimaiyyətinə daha tutarlı təqdim edə bilməyimiz üçün arqumentləşdirilmiş fakt toplusu adlandırıb və qeyd edib ki, “bu faktlar tarix-mədəniyyət abidələrimizə Ermənistan Respublikasının işğalı nəticəsində dəymiş ziyanın hesablanması, nəticələrinin təhlil edilməsi, gələcək bərpa prosesinin düzgün istiqamətdə aparılması, eləcə də mədəni irsimizin məruz qaldığı dağıntı, vandalizm və mənimsəmə faktlarının dünya ictimaiyyətinin diqqətinə çatdırılmasına tutarlı sənəd qismində çıxış edəcək”.

Tədbirin sonunda media mənsublarının sualları cavablandırılıb.