Ölkəmiz Kubada keçirilən beynəlxalq konqresdə təmsil olunub
Kuba Resbublikasının paytaxtı Havana şəhərində Mədəni İrs və Dayanıqlı İnkişaf üzrə Birinci Beynəlxalq Konqres keçirilib. Tədbirdə ölkəmizi Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyevanın rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Tədbirin ilk günü qonaqları qəbul edən Kuba prezidenti Migel Dias-Kanel Bermudes bu ölkənin mədəni irsə verdiyi dəyərdən və irəli sürdüyü təşəbbüslərdən söz açıb. 2023-cü ildə “G77+Çin” Qrupuna üzv ölkələrin Kubanın sədrliyi dövründə həyata keçirilən ilk konqresə uğurlar arzulayıb.
Konqress çərçivəsində BMT-nin “G77+Çin” Qrupuna üzv ölkələrin mədəniyyət nazirlərinin görüşü baş tutub.
“Dayanıqlı inkişaf naminə Mədəniyyət” mövzusunda keçirilən görüşdə Şərqlə Qərb arasında yerləşən ölkəmizin zəngin tarixi-mədəni irsə sahib olduğu və bütün dünyada mədəniyyətlərarası dialoqu fəal təbliğ etdiyi diqqətə çatdırılıb. Çıxışda ölkəmizin təşəbbüsü olan Bakı Prosesi və bu çərçivədə mütəmadi baş tutan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumlarının qlobal platforma kimi əhəmiyyəti bir daha vurğulanıb.