Bakıda UNESCO-nun subregional konfransı keçirilir
Oktyabrın 23-də Azərbaycan Milli İncəsənət Muzeyində Mədəniyyət Nazirliyi və UNESCO-nun Ümumdünya İrs Mərkəzinin birgə təşkilatçılığı ilə “İpək Yolu Volqa-Xəzər Dəhlizi: Birinci İllik Subregional” konfrans öz işinə başlayıb.
Tədbirdə ölkəmizlə yanaşı Qazaxıstan, Türkmənistan, İngiltərə, Yaponiya, Rusiya Federasiyasının Tatarıstan Respublikası və İrandan olan nümayəndələr iştirak edirlər.
Konfransın təşkil olunmasının məqsədi “İpək Yolu Volqa-Xəzər Dəhlizi Transsərhəd Nominasiyası”na təqdim ediləcək mədəni irs obyektlərinin müəyyənləşdirilməsi, müvafiq sənədlərin dəhlizə daxil olan 5 ölkənin hökumət nümayəndələri, milli əlaqələndiriciləri, yerli və beynəlxalq ekspertlərlə müzakirə olunmasıdır.
Konfransda layihəyə daxil olan ölkələrin rəsmiləri, Ümumdünya İrs Mərkəzi, Yaponiyanın Teikyo Universiteti, Böyük Britaniyanın London Universitet Kolleci və Beynəlxalq Mərkəzi Asiya Araşdırmaları İnstitutunun (BMAAİ) ekspertləri arasında nominasiyanın sənədləşməsi haqqında fikir mübadiləsi aparılıb.
Tədbirdə UNESCO-nun Dünya İrs Komitəsinin təşəbbüsü ilə irihəcmli “Transsərhəd İpək Yolu abidələrinin Dünya İrs Siyahısına nominasiyası” proqramının əhəmiyyətindən danışılıb. Proqramın İpək Yolunun üzərində yerləşən ölkələrin zəngin mədəni irsinin beynəlxalq səviyyədə təbliğ olunmasında əhəmiyyəti vurğulanaraq, bu yolun təkcə iqtisadi deyil, həm də mədəni sahədə birləşdirici və mövcud olduğu dövrdə keçdiyi ölkələrin həyatında vacib rolu qeyd olunub.
Daha sonra Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistandan olan ekspertlər layihə çərçivəsində görülən işlər barədə təqdimatla çıxış ediblər.
Konfrans oktyabrın 25-dək davam edəcək.