19.12.2023

Forumun növbəti paneli: Azərbaycanın daşınmaz tarixi-mədəni irsin tədqiqi və mühafizəsi

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Mədəni İrs Forumunun dekabrın 19-da işini davam etdirir. Forumun ikinci gününün ilk paneli Azərbaycanın daşınmaz tarixi-mədəni irsinin tədqiqi və mühafizəsi mövzusuna həsr olunub. Azərbaycan Vəkillər Kollegiyasının üzvü Nazlı Əhmədovanın moderatorluğu ilə keçirilən paneldə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə heyətinin sədri Şahin Seyidzadə "Mədəni irsin qorunması, monitorinqi, inventarlaşdırılması və pasportlaşdırılması, abidənin bərpa-konservasiya təcrübəsi, ənənələr və müasir yanaşmalar" mövzusunda çıxış edib. O, qoruq ərazisindəki tarixi abidələrdən və ərazidə yaşayış şərtlərindən danışıb.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva "Mədəni irsin qorunması sahəsində qanunvericilik məsələləri" mövzusunda çıxışında mədəni irsin qorunmasında əsas istiqamət və məqsədlər barədə söz açıb. Abidələrə qanunsuz müdaxilələrdən danışan xidmət rəisi diqqətə çatdırıb ki, vətəndaşların istifadəsinə olan tarixi-mədəni abidələrimizin bir qismi baxımsız vəziyyətdədir. Burada ərazi şəraiti, yaxud kiminsə fərdi sahəsində olması və digər bu kimi amillər həmin abidələrin mühafizəsinə əngəl törədir. AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun icraçı direktoru Zaur Həsənov "Arxeoloji abidələrin tədqiqinə yeni üsullar: müasir metodologiyalardan istifadə" mövzusunda çıxış edib. Məruzəçi arxeoloji tədqiqatlarda müasir texnologiyaların istifadəsinin tətbiqinin əhəmiyyətini diqqətə çatdırıb.

Dövlət Turizm Agentliyi nəzdində Qoruqları İdarəetmə Mərkəzi İdarə heyətinin sədr müavini Sədaqət Davudova "Mədəni irsin qorunmasında qanunvericilik məsələri" mövzusunda çıxışında mərkəzin tabeliyində olan qoruqlardakı irs obyektlərinin mühafizəsi məsələlərindən bəhs edib. Deyib ki, Qoruqları İdarəetmə Mərkəzinin əsas vəzifələri qoruqların ərazilərində yerləşən maddi mədəni və qeyri-maddi tarixi irs nümunələrini qorumaqla onlardan turizm məqsədli səmərəli istifadəni təşkil etmək, qoruq ərazilərində turizm marşrutlarını müəyyən etməklə onların turizm potensialını inkişaf etdirmək, tarixi-mədəni irs nümunələrinin mühafizəsinə və təbliğinə dair tədqiqat işlərini dəstəkləyib ictimai maarifləndirməni artırmaq və s. ibarətdir. "Mədəni irs abidələrinin idarə edilməsi, onların qorunmasında müasir texnologiyalar və innovasiyalar, kadrların hazırlanması" mövzusunda çıxış edən Avstriyanın "Atəşlər” Erich Pummer" şirkətinin müdir müavini Çingiz Nemanzadə minarələrin bərpasında diqqət edilməli məqamlardan, bu sahədə tətbiq edilən yeni texnologiyalardan söz açıb.

Onun çıxışı minarələrin bərpa texnologiyasına dair videoçarxla müşayiət olunub. Televiziya aparıcısı, bələdçi Fuad Axundov "Memarlıq abidələrinin qorunması və istifadəsində əhalinin sosial məsuliyyəti , dövlət və özəl tərəfdaşlıq" mövzusunda çıxışında tarixi binaların fasadlarına yersiz müdaxilələrdən danışıb. Çıxışlardan sonra qaldırılan məsələlər və təkliflər barədə fikir mübadiləsi aparılıb.