Mədəniyyət naziri Göygöl rayonunda müəssisələrin fəaliyyəti ilə tanış olub
Mədəniyyət Nazirliyi tərəfindən regionlarda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin, bədii təhsil ocaqlarının iş şəraiti, göstərilən xidmətlərin səviyyəsi keyfiyyəti, eləcə də qurumların yerləşdiyi binaların cari vəziyyəti, maddi-texniki imkanları mütəmadi təhlil edilir, problemlərin aradan qaldırılması istiqamətində müvafiq addımlar atılır.
Mədəniyyət naziri Adil Kərimli Gəncə bölgəsinə səfəri çərçivəsində Göygöl rayonunda da olub, bir sıra mədəniyyət və bədii təhsil ocaqlarına baş çəkib.
Nazir vaxtilə Göygöl (keçmiş Helenendorf) şəhərində yaşamış alman icmasının son nümayəndəsi Viktor Klaynın evi və Alman lüteran kilsəsi ilə tanış olub. Məlumat verilib ki, Prezident İlham Əliyev 2016-cı il avqustun 30-da “Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, Viktor Klaynın evi muzeyə çevrilib. V.Klayn 1935-ci ildə Helenendorfda anadan olub və 2007-ci ildə burada vəfat edib.
1854-cü ildə alman icması tərəfindən inşa edilən Helenendorf (Göygöl) lüteran kilsəsində (kirxa) uzun müddət dini mərasimlər icra edilib. II Dünya müharibəsi zamanı almanların bu yerlərdən köçürülməsindən sonra bina uzun müddət müxtəlif məqsədlər üçün istifadə olunub. Hazırda Göygöl Rayon Tarix-Diyarşünaslıq Muzeyi bu kirxada fəaliyyət göstərir.
Adil Kərimli daha sonra Göygöl rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi, Göygöl rayon Mədəniyyət Mərkəzi, katakombalar (tarixi yeraltı şəhər), Aşıq Şəmşir adına Uşaq musiqi məktəbi və Göygöl Rayon Polis Şöbəsinin keçmiş binasına (hazırda Mədəniyyət Nazirliyinin balasındadır) baxış keçirib.
Abidə və müəssisələrə baxış zamanı fəaliyyətin canlandırılması, mövcud imkanlardan daha səmərəli istifadə olunması, tarixi tikililərin mühafizəsinin müasir tələblərə uyğun şəkildə təmin edilməsi ilə bağlı tapşırılar verilib.