Mədəniyyət nazirinin başçılıq etdiyi nümayəndə heyəti Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzini ziyarət edib
TÜRKSOY yaradılmasının 30 illiyi münasibətilə Özbəkistan Respublikasında keçirilən tədbirlərdə iştirak məqsədilə bu ölkədə səfərdə olan Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli Daşkənd şəhərindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzini (AMM) ziyarət edib.
Öncə Ümummilli lider Heydər Əliyevin mərkəzin qarşısında ucaldılmış büstü önünə tər gül dəstələri qoyan nazir Mədəniyyət Mərkəzinin həyətində yaradılmış “Şəhidlər” abidə-kompleksini ziyarət edib.
Nazir AMM-in qarşısında Heydər Əliyev küçəsində qoyulmuş Ulu öndərin xatirə lövhəsi ilə də tanış olub.
Mədəniyyət nazirinin başçılıq etdiyi nümayəndə heyəti daha sonra mərkəzdə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə yaradılmış Azərbaycan-Özbəkistan Dostluq Muzeyini ziyarət edərək burada qardaş xalqın ortaq tarixi köklərini, milli-mənəvi, mədəni dəyərlərini əks etdirən eksponatlar, Özbəkistanın dövlətçilik və incəsənət, ədəbiyyat və mədəniyyət sahəsində xüsusi xidmətləri olan azərbaycanlılara aid guşə ilə tanış olub.
Mərkəzdə yaradılmış kitabxana, rəqs və rəsm dərnəkləri, Azərbaycan dili kursları ilə tanış olan nazir Azərbaycan mədəniyyətini təbliğ edən dərnəklərin və dilimizin öyrədilməsində xüsusi rolu olan kursun fəaliyyətini təqdirəlayiq hesab edib.
Muzeydə yaradılmış “Azərbaycan xalçaları zalı”na baxış zamanı öz tövsiyələrini verən nazir Azərbaycan xalqının xalq sənətkarlıq ənənələrinin təbliği baxımından muzeyin mövcudluğunu yüksək qiymətləndirib.
Mərkəzin foyesində Ümummilli lider Heydər Əliyevə həsr olunmuş fotosərgi və AMM-in layihələri ilə çap edilmiş kitablar, Heydər Əliyevə aid nəşrlərdən ibarət sərgi ilə tanış olan nazir Mədəniyyət Mərkəzinin Azərbaycana dair özbək dilində kitab nəşri sahəsində gördüyü işləri dəyərləndirərək gələcəkdə də bu sahədə işləri genişləndirməyi tapşırıb.
Mədəniyyət Mərkəzində yaradılmış Azərbaycan Dövlətçilik Tarixi Muzeyi ilə də tanışlıq olub.
Daha sonra nümayəndə heyəti Mədəniyyət Mərkəzində yaradılmış Heydər Əliyev Muzeyi ilə tanış olub. Ümummilli liderin həyat və fəaliyyətini əks etdirən eksponatların, fotostendlərin nümayişi ilə yanaşı, burada müxtəlif tədbirlərin keçirildiyi də bildirilib.
Sonra nazir muzeyin xatirə kitabına ürək sözlərini yazıb.
Sonda AMM-in kollektivi ilə görüşən nazirin başçılıq etdiyi nümayəndə heyəti mərkəzin fəaliyyətini qiymətləndirib və işlərində uğurlar arzulayıblar.