V panel "Postkonflikt dövründə Azərbaycanın tarixi-mədəni və təbii irsinin qorunması" mövzusuna həsr olunub
Mədəni İrs Forumunun dekabrın 19-da gerçəkləşən ikinci paneli "Postkonflikt dövründə Azərbaycanın tarixi-mədəni və təbii irsinin qorunması" mövzusuna həs olunub. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzovun moderatorluğu ilə keçirilən paneldə "Qarabağ və Şərqi Zəngəzurun tarixi-mədəni irsi işğaldan əvvəl və sonra", "Qarabağ və Şərqi Zəngəzur ərazisində yerləşən abidələrin monitorinqi və bununla bağlı çətinliklər", "Qərbi Azərbaycan ərazisində xalqımızın tarixi və mədəni irsinin qorunması, tədqiqi və mühafizəyə götürülməsinin təmin edilməsi" və "Mədəni sərvətlərin qorunması haqqında beynəlxalq konvensiyaların tətbiqi məsələləri" mövzularında çıxışlar dinlənilib.
Əvvəlcə Mədəniyyət Nazirliyi tərəfindən hazırlanmış panelin mövzu ilə bağlı videoçarx nümayiş etdirilib. Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayev ölkəmizlə təşkilat arasında əlaqələrdən danışıb, bu münasibətlərin əsasında Ulu öndər Heydər Əliyevin uzaqgörən fəaliyyətinin dayandığını qeyd edib. Bildirilib ki, UNESCO-da Azərbaycanın səsinin eşidilməsində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın böyük rolu olub. Diplomat ki, deyib ki, mədəni mirasımıza qarşı erməni vandallarının törətdikləri vəhşilikləri, haqq səsimizi dünyaya çatdırmaq üçün sistemli addımlar atılmalıdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Aytən Seyidova Azərbaycanın zəngin flora və faunası haqqında söz açıb. Bildirib ki, işğaldan azad edilmiş ərazilərdə 2-si qoruq, 4-ü yasaqlıq olmaqla 6 təbiət abidəsi var. İşğal dövründə ermənilər tərəfindən həmin ərazilərin böyük bir hissəsi məhv edilib. AMEA Tarix İnstitutunun əməkdaşı Nazim Mustafa vurğulayıb ki, 1827-ci ildə İrəvan və Naxçıvan xanlıqlarının Rusiya tərəfindən işğalından sonra süni surətdə "Erməni vilayəti" yaradılıb. Həmin ərazidə mövcud olmuş 1111 yaşayış məntəqəsindən cəmi 62 kənddə erməni kilsələrinin ətrafında ermənilər yaşayıblar.
AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru vəzifəsini icra edən Fərhad Quliyev erməni işğalçılarının Qarabağ və Şərqi Zəngəzurda törətdikləri vandalizm aktları barədə danışıb. Deyib ki, işğal dövründə ermənilər hətta qəbiristanlıqları belə məhv ediblər. Qarabağ Dirçəliş Fondu Fandreyzinq və kommunikasiya şöbəsinin müdiri Pərvin Bağırova fondun missiyası, fəaliyyəti haqqında məlumat verib, mədəni irsimizin qorunmasının vacibliyindən danışıb. Qeyd edib ki, bir ölkənin mədəni irsi o ölkənin tarixidir. Hansısa ölkəyə səyahət edərkən, ilk növbədə, həmin ölkənin tarixi-mədəni abidələrini araşdırırıq. Ona görə də maddi-mədəni irsimizin qorunması böyük əhəmiyyət daşıyır.
Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) fotomüxbiri Azər İbrahimov Qarabağda həyata keçirdiyi fotoçəkilişlər barədə məlumat verib. Bildirib ki, AZƏRTAC-ın əməkdaşlarından ibarət çəkiliş qrupları Vətən müharibəsi başa çatdıqdan dərhal sonra azad edilmiş ərazilərə yollanaraq doğma şəhər və kəndlərimizdə erməni vandalizminin izlərini beynəlxalq aləmə çatdırmaq üçün gecə-gündüz yorulmadan çalışıb və bu istiqamətdə işlər davam etdirilir. Çıxışlardan sonra səsləndirilən təkliflərlə bağlı fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.