Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü geniş qeyd olunub
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibəti ilə genişmiqyaslı aksiyalar keçirilib.
Paytaxtda və bölgələrdə bu il sistemli şəkildə ilk dəfə Mədəniyyət Nazirliyi tərəfindən 29 abidə önündə gerçəkləşdirilən tədbirlər BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-a və “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunub.
Ramana, Böyük Mərdəkan və Kiçik Mərdəkan qəsrləri, “Allah-Allah”, Möminə xatın və Qarabağlar türbələri, Uğurlu Xan karvansarası, İsrafil Ağa və Hündür günbəzli hamamları, Mir Əhməd xanın yaşayış evi, tarixi məscidlər, eləcə də tarix-mədəniyyət qoruqları ilə tanış olan ziyarətçilər tarixi yerlərimizdən xoş təəssüratlarla ayrılıblar.
Keçirilən tədbirlərdə ümumilikdə 9 min nəfərdən çox ziyarətçi iştirak edib.