İstanbulda mədəni irs sahəsində fəaliyyət göstərən təşkilatlarda görüşlər keçirilib
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin bir qrup əməkdaşı mədəni irsin qorunması, tədqiqi və bərpası sahəsində təcrübə mübadiləsinin aparılması və “İrs İstanbul 2024” sərgisində iştirak məqsədilə İstanbul şəhərində səfərdədirlər.
Nümayəndə heyəti Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin İstanbul Bərpa və Konservasiya Mərkəz və Bölgə Laboratoriya İdarəsində mədəni irs nümunələrinin bərpası laboratoriyasının fəaliyyəti ilə tanış olublar. Diqqətə çatdırılıb ki, laboratoriyada memarlıq abidələrinin bərpa-konservasiyadan öncə dərin analizlər aparılır, tikinti və bərkidici materialların tərkibi araşdırılır və bərpa üçün eyni materiallar hazırlanır. Laboratoriyada həmçinin muzey eksponatlarının da bərpası həyata keçirilir.
İstanbul Arxeologiya Muzeyində müxtəlif dövrlərə aid zəngin eksponatların mühafizəsi, sərgilənməsi və muzey xidmətlərinin göstərilməsi sahəsində qardaş ölkənin təcrübəsi ilə də tanışlıq olub. Məlumat verilib ki, muzey müxtəlif dövrlərə və mədəniyyətlərə aid bir milyondan artıq eksponatla dünyanın ən böyük muzeyləri sırasındadır.
Həmçinin, İstanbul Tədqiqat və Abidələr İdarəsində bərpa-konservasiya işlərində Türkiyə təcrübəsi ilə bağlı təqdimat nümayiş olunub.
Görüşlərdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Səfər davam edir.