03.05.2024

"Keçmiş və gələcəyin mühafizəsi: iqlim dəyişikliyi fonunda mədəni irs"

Mayın 2-də Bakı Konqres Mərkəzində Forumun sonuncu – IV plenar sessiyası keçirilib.

“Keçmiş və gələcəyin mühafizəsi: iqlim dəyişikliyi fonunda mədəni irs” mövzusuna həsr olunan sessiya Böyük Britaniyanın UNESCO üzrə Milli Komissiyasının baş icraçı direktoru və baş katibi Ceyms Bricin moderatorluğu ilə gerçəkləşib.

Açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Səadət Yusifova mədəni irsin əsrlər boyu hər bir xalqın dünyaya baxışı və həyat tərzindən qaynaqlanan, onun müxtəlif inkişaf mərhələlərini özündə əks etdirən, milli kimliyin daşıyıcısı olduğunu deyib. Bildirib ki, mədəni irs hər bir dövrdə kommunikasiya və sosiallaşmanın məhsulu olmaqla həm tarixi keçmişə baxmağa, həm də gələcəyi proqnozlaşdırmağa imkan verir: “Lakin mədəni irs bütün zamanlarda ətraf mühitin tərkib hissəsi olmaqla iqlim və münaqişələrin təsirinə məruz qalıb. XIX və XX əsrin sənayeləşməsi və böyük müharibələr bu prosesi daha da sürətləndirib. Bu gün isə bu çağırışlar, xüsusilə iqlim dəyişiklikləri qlobal xarakter alıb. İqlim dəyişiklikləri insan sağlamlığı, kənd təsərrüfatı, sənaye və digər sahələrlə yanaşı, mədəni və təbii irsə də öz mənfi təsirini göstərir. Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə daim öz töhfəsini verir. Ölkəmiz tərəfindən əsasən öz maliyyə vəsaitləri hesabına ətraf mühitin qorunması, yaşıllıqların bərpası, artırılması, təbii ehtiyatlardan, o cümlədən su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə imkanlarının genişləndirilməsi istiqamətində mühüm işlər görülür. Bütün bunların davamı olaraq iqlim dəyişikliyinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Prezident İlham Əliyevin sərəncamı ilə 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub”.

Səadət Yusifova vurğulayıb ki, iqlim dəyişikliyi ilə bərabər, müharibələr də mədəni və təbii irsin dağıdılması ilə nəticələnir: “Təəssüflər olsun ki, torpaqlarımızın 30 ilə yaxın müddətdə Ermənistan tərəfindən işğalı mədəni və təbii irsimizin dağıdılmasına gətirib çıxarıb, milli irsimiz mədəni soyqırımına məruz qalıb. Ümumilikdə, Qarabağ və Şərqi Zəngəzurda 705 tarix və mədəniyyət abidəsi dövlət qeydiyyatına alınıb. Eyni zamanda aparılan təhlillər nəticəsində müəyyən olunub ki, işğal dövründə onlar məqsədli şəkildə dağılmaya, vandalizmə məruz qalıb, 47 abidə yer üzündən silinib. 163 abidə təhlükəsizlik səbəbindən inventarlaşdırılma aparılmayan abidələrdir. Bu abidələr əsasən mina və sursat partlayışı riski olan ərazilərdədir. Bu abidələrin bərpası və konservasiyası Böyük Qayıdış prosesinin tərkib hissəsidir”.

Çin Biomüxtəlifliyin Qorunması və Yaşıl İnkişaf Fondunun (CBCGDF) baş katibi Jinfeng Zhou çalışdığı qurumun tarixi haqqında söz açıb. Deyib ki, bu gün fond qarşısında duran ən ümdə məsələlərdən biri biomüxtəlifliyin qorunub saxlanılmasıdır.

Frison Horta Fondunun təsisçisi və baş direktoru Nupur Tron memarlıq üzrə apardığı araşdırmalardan danışıb. Vurğulayıb ki, mədəni irsin inkişafı üçün özəl sektorun bu işə cəlb olunması böyük əhəmiyyət kəsb edir.

ICESCO baş direktorunun müşaviri Heşam əl-Əskəri söyləyib ki, keçmişdə gələcəklə bağlı məlumat əldə etmək üçün müəyyən proqnazlaşdırılma lazım olub: “O vaxt alimlər bununla bağlı bir sıra araşdırmalar aparırdılar. Bu gün isə çox müasir texnologiyaları tətbiq etməklə Yer kürəsində baş verən prosesləri araşdırmaq mümkündür. Bu araşdırmalar nəticəsində iqlim dəyişikliyi zamanı baş verə biləcək hadisələri öncədən görmək imkanımız olacaq”.

“Smithsonian”ın Asiya Mədəniyyət Tarixi Proqramının direktoru, “Smithsonian”ın Antropologiya departamentinin Asiya, Avropa və Yaxın Şərq üzrə kuratoru Pol Maykl Taylor mövzu ilə bağlı öz təcrübələrindən bəhs edib.

Afrika Ümumdünya İrs Fondunun icraçı direktoru Albino Jopela fondun fəaliyyətindən danışıb.

Azərbaycan Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva ölkəmizdəki abidələr haqqında məlumat verib. Qeyd edib ki, Azərbaycanda 7 mindən artıq tarix-mədəniyyət abidəsi mövcuddur. Bu abidələr müəyyən statuslarla qorunmaqdadır.

Küveyt Dövlətinin UNESCO yanında daimi nümayəndəsi, səfir Adam əl-Mulla iqlim dəyişikliyinin bəşəriyyət üçün ciddi təhdid olduğunu vurğulayıb. Diqqətə çatdırıb ki, iqlim dəyişikliyi və onun təsirlərinə qarşı mübarizə aparmaq üçün təxirəsalınmaz tədbirlər görülməlidir.