14.06.2024

Özbəkistanda mədəniyyət günləri "Mənim Azərbaycanım" adlı möhtəşəm konsertlə başa çatıb

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Azərbaycan Mədəniyyəti Günlərinin bağlanış konserti olub.

İyunun 13-də Muqimi adına Musiqili Dram Teatrında Azərbaycan Dövlət Rəqs Ansamblının "Mənim Azərbaycanım" adlı konserti keçirilib. Konserti qardaş ölkənin mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri izləyiblər.

Azərbaycan rəqs sənətinin ən seçkin örnəklərinin təqdim olunduğu gecədə əsl anşlaq yaşanıb. Rəqqaslarımızın yüksək peşəkarlıqla ifa etdiyi "Süita", "Qaval", "Qazağı", "Yaylıqla rəqs", "Nağara", "Şalı", "Qaytağı", "Toy", "Qılıncla rəqs", "Çayçı" və "Vətən" rəqsləri, eləcə də musiqi nömrəsi tamaşaçıların sürəkli alqışları ilə qarşılanıb.

Daşkənddə 10-14 iyun tarixlərini əhatə edən Azərbaycan Mədəniyyəti Günlərinin möhtəşəm finalı olan konsert iştirakçıların yaddaşında silinməz iz qoyan sənət şöləni kimi tarixə yazılıb.