20.05.2024

Türkiyənin İstanbul şəhərində “İrs İstanbul 2024” sərgisi keçirilib

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin bir qrup əməkdaşı Türkiyənin İstanbul şəhərində keçirilən 8-ci “İrs İstanbul 2024” sərgisində iştirak edib.

15-17 may tarixlərində təşkil olunan, abidələrin qorunması, bərpası, arxeologiya və muzey texnologiyaları beynəlxalq sərgi və konfransında 20 ölkədən ümumilikdə 9 minə yaxın mütəxəssis mədəni irsin qorunması, tədqiqi və bərpası sahəsində bir araya gəlib.

Tədbirə qatılan bir sıra dövlət və özəl təşkilatların nümayəndələri ilə görüşlər keçirilib, tarixi abidələrin qorunması və bərpa-konservasiyasında müasir texnologiyaların tətbiqi ilə bağlı müzakirələr aparılıb.

Nümayəndə heyətinə İstanbul Arxeologiya Muzeyində tarixi abidələrin mühafizəsində Türkiyə təcrübəsi, qanunvericiliyin tətbiqi məsələlərini əhatə edən təqdimat nümayiş olunub. Qeyd olunan istiqamətdə fikir mübadiləsi aparılıb.

Dövlət Xidmətinin əməkdaşları daha sonra Ayasofya məscidində aparılan bərpa işləri ilə tanış olublar.