“Yaşıl gələcəyə davamlı yol: COP29 və sonrakı dövr üçün birgə fəaliyyət”
1-3 may tarixlərində Bakıda keçiriləcək "Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Beynəlxalq Təşkilatların III Zirvə görüşü “Yaşıl gələcəyə davamlı yol: COP29 və sonrakı dövr üçün birgə fəaliyyət” mövzusuna həsr olunub. Forum Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı, BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC), Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO), İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) və BMT Turizmin birgə tərəfdaşlığı ilə keçirilir.
III Zirvə görüşündə açılış nitqi ilə Azərbaycan Respublikasının Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və COP29-un Baş danışıqçısı Yalçın Rəfiyev çıxış edəcək.
“The Guardian” qəzetinin ətraf mühit üzrə redaktoru Fiona Harvinin moderatorluğu ilə keçəcək görüşdə forumda iştirak edən beynəlxalq təşkilat rəhbərləri və nümayəndələrinin proqram üzrə çıxışları nəzərdə tutulub.