24.11.2025

Dövlət Xidmətinin təqdim etdiyi elektron xidmətlər

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin “e-Culture” rəqəmsal inkişaf strategiyası (2024-2026) (“e-Culture” Strategiyası) çərçivəsində mədəniyyət sahəsinin müxtəlif klasterlərdə rəqəmsallaşdırılması üzrə işlər davam etdirilir. Bu xüsusda, mədəni irsin qorunması sahəsində bir sıra xidmətləri elektron formata keçirilib və müraciətlər artıq Mədəniyyət Nazirliyinin "MyCulture" (https://my.culture.az) vahid şəxsi kabineti üzərindən qəbul olunur.

Proseslərin sadələşdirilməsi, operativliyin artırılması və rəqəmsal həllər tətbiq etməklə istifadəçi məmnunluğunun yüksəldilməsi baxımından xidmətlərin elektronlaşdırılması mühüm əhəmiyyət kəsb edir.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin “MyCulture" (https://my.culture.az) şəxsi kabineti üzərindən təqdim etdiyi elektron xidmətlər:

  • Daşınmaz tarix və mədəniyyət abidələri və ya onların ayrı-ayrı hissələrinin üzərində bərpa, konservasiya, təmir, rekonstruksiya, regenerasiya və digər işlərin görülməsi üçün müvafiq layihələrə razılığın verilməsi;
  • Dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinə aid yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və ya qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə razılığın verilməsi;
  • İnşaat və digər təsərrüfat işləri görülərkən daşınmaz tarix və mədəniyyət abidələri aşkar edildiyi halda, onların yerləşdiyi ərazidə inşaat və digər təsərrüfat işlərinin aparılmasına icazənin verilməsi;
  • Qoruqlarda və abidələrin mühafizə zonalarında tikinti və abadlıq işlərinin aparılmasına razılığın verilməsi;
  • Daşınmaz tarix və mədəniyyət abidələrinin alqı-satqısına razılıq verilməsi;
  • Xüsusi mülkiyyətdə olan daşınmaz tarix və mədəniyyət abidələrinin və onalara aid yaşayış və qeyri-yaşayış sahələrinin icarəyə verilməsinə razılığın verilməsi.

İstifadəçilər şəxsi kabinetinə daxil olaraq şəxsi hesab yarada, bir pəncərə prinsipi əsasında mədəniyyət sahəsində xidmətlərdən istifadə edə, müraciət və təkliflər göndərə, elanlarla tanış ola, müraciətlərin statusunu izləyə bilərlər.

Qeyd olunan xidmətlərin elektronlaşdırılması proseslərin rəqəmsal mühitə inteqrasiyasını təmin etməklə operativliyin artırılmasına, müraciətlərin elektron qaydada izlənilməsinə, vaxt itkisinin minimuma endirilməsinə və istifadəçi məmnunluğunun yüksəldilməsinə xidmət edir.