Qobustan Milli Tarix-Bədii Qoruğuna mediatur təşkil olunub
18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Qobustan Milli Tarix-Bədii Qoruğuna mediatur təşkil olunub.
Aksiyanın məqsədi ictimaiyyətin diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.
Media nümayəndələri qoruqda yerləşən muzey və abidələrlə tanış olublar. Tədbir iştirakçılarına açıq səma altındakı qayaüstü təsvirlər, tarixi abidələr haqqında ətraflı məlumat verilib. Bildirilib ki, qoruq ərazisində 7 minədək qayaüstü təsvir, 20-yə qədər sığınacaq, 50-yə yaxın kurqan mühafizə olunur.
Həmçinin vurğulanıb ki, Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən tarix-mədəniyyət qoruqlarında və muzeylərdə “açıq qapı” günü təşkil edilib və 18 aprel tarixində ziyarətçilərin həmin məkanlara ödənişsiz girişi təmin edilib. Gün ərzində Qobustan qoruğunun çoxsaylı yerli və xarici ziyarətçiləri olub. Yerli ziyarətçilər arasında orta məktəb şagirdləri üstünlük təşkil edib.
Eyni zamanda aprelin 18-də Qobustan qoruğunda Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun birgə təşkilatçılığı ilə “Azərbaycanın arxeoloji irsinin qorunması” mövzusunda elmi-praktik seminar keçirilib.
Çıxış edənlər ölkəmizdə mövcud olan zəngin arxeoloji irsin tədqiqi və qorunmasının aktual problemlərinə nəzər salıblar.
Qeyd edək ki, hər il aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub.