17.09.2026

Bakıda Azərbaycan ilə BƏƏ-nin muzey təcrübəsinə həsr olunan tədbir keçirilib

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Bakıdakı səfirliyi Mədəniyyət Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan Milli İncəsənət Muzeyində "BƏƏ və Azərbaycanın muzeyləri zəngin keçmiş və perspektivli gələcək haqqında hekayəni əks etdirir" adlı tədbir keçirib.

Tədbirdə diplomatik korpusun nümayəndələri, nazirlik əməkdaşları, deputatlar, mədəni-ictimai xadimlər və media mənsubları iştirak ediblər.

BƏƏ-nin Bakıdakı səfiri Məhəmməd Əl Bluşi tədbirdəki çıxışında Azərbaycanın Cənubi Qafqaz və Mərkəzi Asiyaya açılan strateji qapı olduğunu qeyd edib.

Səfir iki ölkənin strateji tərəfdaşlığına diqqət çəkərək deyib ki, qarşılıqlı münasibətlərin inkişafı bundan sonra da artan templə davam edəcək.

Mədəniyyət nazirinin müavini Səadət Yusifova isə öz növbəsində bildirib ki, Azərbaycan və BƏƏ arasındakı münasibətlərin möhkəmlənməsində mədəni əlaqələrin rolu böyükdür. O bu cür tədbirlərin davamlılığının vacibliyinə diqqət çəkib.

Qeyd edək ki, tədbirin əsas məqsədi BƏƏ və Azərbaycanın zəngin mədəni irsinin və muzeyçilik təcrübəsinin təqdim edilməsi, eləcə də iki ölkə arasında mədəni əməkdaşlığın inkişafına töhfə vermək olub.