BDU-da azad edilmiş ərazilərdəki tarixi abidələrlə bağlı təqdimat keçirilib
Bakı Dövlət Universiteti Sosial elmlər və psixologiya fakültəsinin təşkilatçılığı ilə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “İşğaldan azad edilən ərazilərdə tarixi abidələrin vəziyyəti” adlı tədbir keçirilib.
Tədbirdə fakültənin dekanı Rövşən Cavadov mədəni irsin qorunmasının və tələbələr arasında maarifləndirmə işinin aparılmasının əhəmiyyətindən danışıb. Bildirib ki, bu sahənin tədqiqi və təbliği işinə elm adamları, tələbələr də öz töhfələrini verməlidirlər.
Dövlət Xidmətinin əməkdaşı Seyran Quliyev 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunmasının Azərbaycanın zəngin memarlıq irsinin yerli və beynəlxalq səviyyədə tanıdılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib. O, Azərbaycanın Şərq və Qərb memarlıq ənənələrinin qovşağında formalaşan unikal memarlıq məktəblərindən bəhs edib, Orta əsrlərdən müasir dövrümüzədək olan inkişaf mərhələləri barədə danışıb.
“İşğaldan azad edilən ərazilərdə tarixi abidələrin vəziyyəti” adlı təqdimatda Dövlət Xidməti tərəfindən həyata keçirilən tədbirlər barədə geniş məlumat verib.
Bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli Fərmanına əsasən 2020-ci il 3 noyabr tarixindən etibarən Mədəniyyət Nazirliyi və Nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən ilkin monitorinq və inventarlaşma prosesinə başlanılıb.
2023-cü ilin iyun ayından isə bu prosesin ikinci mərhələsi həyata keçirilib.
Aparılmış monitorinqlər nəticəsində çoxsaylı tarixi, memarlıq və arxeoloji əhəmiyyətə malik obyektlər müəyyən edilib və onların fiziki vəziyyəti sənədləşdirilib. Abidələrin böyük əksəriyyəti qəsdən dağıdılıb, yandırılıb, talan edilib və digər vandalizm aktlarına məruz qoyulub.
Dini və mənəvi baxımdan mühüm əhəmiyyət daşıyan məscidlər, kilsələr, türbələr və qəbiristanlıqlarda təhqiramiz hərəkətlər qeydə alınıb, bir sıra abidələrin memarlıq xüsusiyyətləri məqsədyönlü şəkildə dəyişdirilib, bəzi obyektlər isə hərbi məqsədlərlə istifadə edilib və qanunsuz arxeoloji qazıntı işləri aparılıb.
İnventarlaşdırılma zamanı sahə tədqiqatı işləri görülüb, abidələrin elektron xəritələri hazırlanıb, fotofiksasiya və dron çəkilişləri aparılıb, arxiv sənədləri araşdırılıb və digər mənbələr nəzərdən keçirilib.
Təqdimatda işğaldan azad olunmuş ərazilər üzrə tarixi abidələrin mövcud vəziyyətini əks etdirən faktlar vizual materiallarla nümayiş olunub.
Sonda tələbələrin sualları cavablandırılıb.





























