Dövlət Xidməti ilə Yunus Əmrə İnstitutunun Bakı Mərkəzi arasında əməkdaşlıq imkanları müzakirə olunub
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nümayəndə heyəti Yunus Əmrə İnstitutunun Bakı Mərkəzində görüş keçirib.
Görüşdə Dövlət Xidmətinin rəis müavini Ayaz Müseyibov, Yunus Əmrə İnstitutunun Bakı Mərkəzinin koordinatoru Gökhan Seyhran, eləcə də hər iki qurumun əməkdaşları iştirak ediblər.
Görüş zamanı mədəni irsin qorunması, təbliği və beynəlxalq müstəvidə tanıdılması istiqamətində əməkdaşlıq imkanları müzakirə olunub. Tərəflər ölkəmizdə mədəni irsə həsr olunmuş birgə tədbirlərin təşkili, layihələrin hazırlanması, sərgilərin, təlimlərin və maarifləndirici proqramların həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
Qeyd olunub ki, əməkdaşlığın inkişafı və gələcəkdə birgə layihələrin həyata keçirilməsi mədəni əlaqələrin daha da güclənməsinə, ortaq mədəni dəyərlərin təbliğinə mühüm töhfə verəcək.
























