Dövlət Xidmətinin əməkdaşı beynəlxalq konfransda iştirak edib
Yunanıstanın paytaxtı Afinada “Canlı irs və Süni İntellekt: Generativ ənənələr – Yeni üfüqlər, mədəniyyət üçün imkanların araşdırılması” mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbir Yunanıstan Mədəniyyət Nazirliyinin Müasir Mədəni İrs Direktorluğu tərəfindən UNESCO-nun “Qeyri-maddi mədəni irsin qorunması haqqında” 2003-cü il Konvensiyasının Katibliyi ilə əməkdaşlıq şəraitində təşkil olunub.
Konfransda Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Mədəni irsin qorunması şöbəsinin Daşınar mədəni irsin qorunması və arxeoloji tədqiqatlara nəzarət sektorunun müdiri Seyran Quliyev iştirak edib.
Tədbirdə süni intellektin canlı və qeyri-maddi mədəni irsin sənədləşdirilməsi, qorunması, ötürülməsi və müasir təqdimatında yaratdığı imkanlar və çağırışlar müzakirə edilib. Konfransda süni intellektin canlı irsi əvəz edən deyil, onun daşıyıcılarının və icmaların imkanlarını genişləndirən vasitə kimi nəzərdən keçirilməsinin vacibliyi vurğulanıb.
Beynəlxalq tədbirdə icmaların iştirakı, mədəni biliklərin qorunması, etik və hüquqi mexanizmlər, həmçinin süni intellektin mədəni irs sahəsində məsuliyyətli tətbiqi məsələlərinə diqqət yetirilib.
























