Dövlət Xidmətinin nümayəndəsi Pekində keçirilən forumda iştirak edib
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Muzey və qoruqların idarə edilməsi şöbəsinin müdiri Səbuhi Bəşirov və Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi Sevinc Nəsirova Çinin Pekin şəhərində keçirilən “4-cü Qlobal Muzey Direktorları Forumu”nda iştirak ediblər.
Forum çərçivəsində muzeylərarası beynəlxalq əməkdaşlığın inkişafı, yeni idarəetmə mexanizmləri, muzey sahəsində müasir yanaşmalar və mədəniyyətlərarası dialoqun təşviqində muzeylərin rolu müzakirə olunub.
Sevinc Nəsirova “Təhsil və gücləndirmə: Qlobal vətəndaşların və gələcəyin dialoq iştirakçılarının yetişdirilməsi” adlı panel iclasda “Keçmişin qorunmasından gələcəyin formalaşdırılmasına: Milli Azərbaycan Tarixi Muzeyində muzey təhsili və qlobal vətəndaşlıq” mövzusunda təqdimatla çıxış edib. Çıxışda muzeylərin mədəni irsin qorunması, cəmiyyətin maarifləndirilməsi, mədəniyyətlərarası dialoqun təşviq edilməsində mühüm rol oynadığını vurğulayıb. Təqdimatda Milli Azərbaycan Tarixi Muzeyində həyata keçirilən təhsil və maarifləndirmə layihələri, məktəblilər və gənclər üçün təşkil olunan interaktiv proqramlar, ustad dərsləri, mühazirələr, inklüziv fəaliyyətlər və müxtəlif yaş qruplarını əhatə edən innovativ təşəbbüslər barədə məlumat verilib.
Tədbir çərçivəsində Azərbaycanın muzey işi və mədəni irs sahəsində beynəlxalq əməkdaşlığının genişləndirilməsi, qabaqcıl təcrübələrin öyrənilməsi və gələcək tərəfdaşlıqların inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.
Həmçinin, forum çərçivəsində Azərbaycan mədəni irsinə həsr olunmuş kitablar Çin Milli Muzeyinə hədiyyə edilib.
























