13.07.2026

Ekspert Şurasının növbəti iclası keçirilib

Mədəniyyət Nazirliyi yanında Daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert Şurasının növbəti iclası keçirilib.

İclasda mədəniyyət nazirinin müavini Səadət Yusifova Ekspert Şurası tərəfindən həyata keçirilən işlərin nəticələri barədə ətraflı məlumat verib. Bildirib ki, 2001-ci ildə təsdiq olunmuş daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısında mövcud olan səhvlərin aradan qaldırılması, tarixi, memarlıq və arxeoloji əhəmiyyət kəsb edən obyektlərin dövlət mühafizəsinə daxil edilməsi məqsədilə yaradılmış Ekspert Şurası öz fəaliyyətini davam etdirir. Ötən dövrdə 4000-ə qədər abidə və yeni aşkar edilmiş nümunə barədə Ekspertiza aktı hazırlanıb və toplanmış materiallar mərhələli şəkildə Ekspert Şurasında müzakirəyə çıxarılır.

Ekspert Şurasının sədri, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru professor, Gülçöhrə Məmmədova müzakirəyə çıxarılan məsələlər haqqında məlumat verib. Bildirib ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşları tərəfindən mövcud siyahıya əlavə və düzəlişlərin edilməsi üçün toplanmış yeni materiallar Ekspert Şurasına təqdim edilib.

İclasda Gəncə şəhərində yerləşən 25, bağ-park, monumental və xatirə abidələri üzrə 32, arxeoloji abidələr üzrə 8 və vətəndaş müraciəti əsasında formalaşmış 1 yeni aşkar olunmuş nümunənin dövlət mühafizəsinə götürülməsi müzakirə olunub. Sözügedən məsələ ilə bağlı Şura üzvlərinin rəy və təklifləri dinlənilib, tarixi, memarlıq və arxeoloji əhəmiyyəti daşıyan obyektlərin dövlət qeydiyyatına alınması üçün müvafiq tədbirlərin görülməsi barədə qərarlar qəbul edilib.

Qeyd edək ki, 2025-ci ildə dövlət mühafizəsində olan 8, 2026-cı ildə isə 87 abidənin məlumatlarına düzəliş olunub, eyni zamanda, ötən il 51 yeni aşkar edilmiş nümunə daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısına daxil edilib.