08.10.2026

Gəncədə mədəni irsin qorunmasına həsr olunmuş forum keçirilib

Gəncə şəhərində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 885 illik yubileyinə həsr olunmuş “Gəncənin mədəni irsinin qorunması – gənclərin gözü ilə” adlı forum keçirilib.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin dəstəyi, Nizami Gəncəvi Muzeyinin təşkilatçılığı ilə keçirilən tədbirdə 100-dək gənc iştirak edib.

Forumun məqsədi Gəncənin zəngin tarixi-mədəni irsinin gənclər arasında təbliği, milli-mədəni dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsində gənclərin rolunun artırılması, həmçinin Nizami Gəncəvinin yaradıcılıq irsinin daha geniş şəkildə təşviq edilməsi olub.

Tədbirdə “Gəncənin mədəni irsinin qorunmasında gənclərin rolu” mövzusunda panel müzakirəsi keçirilib. Müzakirələr zamanı Gəncənin tarixi-mədəni irsinin qorunması, mədəni irs nümunələrinin gələcək nəsillərə çatdırılması, gənclərin bu istiqamətdə təşəbbüslərinin dəstəklənməsi və ictimai iştirakçılığın artırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Çıxışlarda Gəncənin Azərbaycanın qədim mədəniyyət və şəhər ənənələrinin formalaşdığı mühüm mərkəzlərdən biri olduğu vurğulanıb. Şəhərin zəngin tarixi-mədəni irsinin qorunması və gələcək nəsillərə çatdırılmasında gənclərin fəal iştirakının əhəmiyyəti qeyd olunub.

Tədbir çərçivəsində gənclərin iştirakı ilə müxtəlif rəqs kompozisiyaları nümayiş etdirilib.

Sonda forumda fəallığı ilə seçilən gənclər təltif ediliblər.