ICESCO ilə mədəni irs sahəsində süni intellektin tətbiqi imkanları müzakirə olunub
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə ICESCO-nun Rabat şəhərində yerləşən Süni İntellekt və Proqnozlaşdırma Mərkəzi (Center of Foresight and Artificial Intelligence) arasında onlayn görüş keçirilib.
Görüşdə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva, rəis müavini Ayaz Müseyibov, ICESCO-nun Süni İntellekt və Proqnozlaşdırma Mərkəzinin direktoru Kais Hammami, eləcə də hər iki qurumun aidiyyəti struktur bölmələrinin əməkdaşları iştirak ediblər.
Görüşdə tərəflər arasında əməkdaşlığın perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Müzakirələrdə “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası” çərçivəsində mədəni irsin qorunması, idarə olunması və təbliğində innovativ texnologiyaların, o cümlədən süni intellekt həllərinin tətbiqi imkanları nəzərdən keçirilib.
Tərəflər mədəni irs nümunələrinin rəqəmsallaşdırılması, yeni texnologiyalar vasitəsilə qorunması və idarə olunması, eləcə də “gələcəyin arxeologiyası” kimi innovativ yanaşmalar üzrə fikir mübadiləsi aparıblar.
Həmçinin birgə layihələrin həyata keçirilməsi, təlim proqramlarının təşkili və ekspert mübadiləsinin aparılması imkanları müzakirə olunub. Tərəflər əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsində maraqlı olduqlarını ifadə ediblər.

























