“İrs Dostu” könüllü proqramının təqdimatı keçirilib
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən həyata keçirilən “İrs Dostu” könüllü proqramının təqdimat mərasimi olub.
Azərbaycan Milli İncəsənət Muzeyində keçirilən tədbirdə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə məlumat verib. Bildirib ki, Dövlət Xidməti ölkə ərazisində dövlət mühafizəsinə götürülmüş 4377 tarix-mədəniyyət abidəsinin, eləcə də 1400-dən artıq yeni aşkar edilmiş mədəni irs obyektlərinin mühafizəsinə nəzarət edir. Həmçinin tabeliyində fəaliyyət göstərən tarix-mədəniyyət qoruqları vasitəsilə mədəni irsin qorunması və təbliği istiqamətində sistemli fəaliyyət həyata keçirir.
Mədəni irsin xalqın milli kimliyini, tarixini və mənəvi dəyərlərini yaşadan ən qiymətli sərvətlərdən biri olduğunu vurğulayan Səbinə Hacıyeva bu irsin qorunmasında cəmiyyətin, xüsusilə də gənc nəslin fəal iştirakının xüsusi əhəmiyyət daşıdığını qeyd edib. Bildirilib ki, “İrs Dostu” könüllü proqramının əsas məqsədi gənclərin mədəni irsin qorunması, öyrənilməsi və təbliği sahəsində fəal iştirakını təşviq etmək, onların bilik və bacarıqlarının inkişafına dəstək verməkdir.
Qeyd olunub ki, proqram çərçivəsində könüllülər mədəni irsin mühafizəsi və təbliği ilə bağlı müxtəlif layihə və tədbirlərdə iştirak edəcək, tarix-mədəniyyət abidələrinin tanıdılması və maarifləndirmə təşəbbüslərinə töhfə verəcəklər. Eyni zamanda, onlar peşəkar mütəxəssislərlə birgə çalışaraq bu sahədə praktiki təcrübə qazanmaq imkanı əldə edəcəklər.
Tədbirin bədii hissəsində könüllülərin ifasında Azərbaycan milli musiqilərindən ibarət proqram təqdim olunub.
Daha sonra iştirakçılar Azərbaycan Milli İncəsənət Muzeyinin ekspozisiyası ilə tanış olaraq burada nümayiş etdirilən zəngin mədəni irs nümunələri haqqında məlumat əldə ediblər.
























