14.10.2026

“İrs Dostu” könüllülərinə sertifikatlar təqdim olunub

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin həyata keçirdiyi “İrs Dostu” könüllü layihəsində iyul-sentyabr ayları ərzində könüllü fəaliyyətini həyata keçirmiş gənclərə sertifikatların təqdim edilməsi mərasimi keçirilib.

Tədbirdə Dövlət Xidmətinin rəis müavini Ceyhun Qəmərli çıxış edərək “İrs Dostu” könüllü proqramının əsas məqsədinin gənclərin mədəni irsin qorunması, öyrənilməsi və təbliği prosesində fəal iştirakını təşviq etmək, onların bilik və bacarıqlarının inkişafına dəstək göstərmək olduğunu bildirib. Vurğulayıb ki, proqram Dövlət Xidmətinin struktur bölmələrini, tabeli müəssisələrini, qoruq və muzeylərini əhatə etməklə, ölkənin bütün regionlarında 140-dan çox müəssisədə həyata keçirilir.

Qeyd edib ki, könüllülər proqram çərçivəsində müvafiq sahədə praktiki bilik və təcrübə qazanmaq, peşəkar mütəxəssislərlə birgə çalışaraq bacarıqlarını inkişaf etdirmək imkanı əldə edirlər.

Daha sonra layihəni uğurla başa vuran könüllülərə sertifikatlar təqdim olunub.

Qeyd edək ki, “İrs Dostu” könüllülük proqramına qəbul davam edir. Mədəni irsin qorunması və təbliğinə töhfə vermək istəyən 18-35 yaş arası gənclər proqrama qoşula bilərlər.