20.07.2026

Naxçıvanda mədəni irsin mühafizəsi sahəsində təlim keçirilib

16-17 iyul tarixlərində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşları tərəfindən Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin mədəni irsin mühafizəsi sahəsində çalışan əməkdaşları üçün təlim proqramı təşkil olunub.

Təlimin əsas məqsədi müvafiq sahə üzrə çalışan əməkdaşların bilik və bacarıqlarının artırılması və bu istiqamətdə vahid yanaşmanın tətbiq edilməsi olub.

Proqramı çərçivəsində iştirakçılara mədəni irsin mühafizəsi sahəsində hüquqi baza və qanunvericilik, Vahid Mədəniyyət Reyestrinin formalaşdırılması və tətbiqi, tarix-mədəniyyət qoruqlarının idarə olunması, beynəlxalq əməkdaşlıq istiqamətləri, UNESCO-nun “Ümumdünya mədəni və təbii irsinin qorunması haqqında” (1972), “Qeyri-maddi mədəni irsin qorunması haqqında” (2003) konvensiyaları, eləcə də UNESCO-nun müvafiq siyahılarına nominasiya fayllarının hazırlanması prosesi barədə ətraflı məlumat verilib.

Təqdimatlar zamanı iştirakçılarla fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.