08.04.2026

Nizami Kino Mərkəzinə edilən müdaxilənin nəticələri aradan qaldırılıb

Dövlət tərəfindən mühafizə edilən, ölkə əhəmiyyətli memarlıq abidəsi (123 inventar nömrəli) olan Nizami Kino Mərkəzinə edilən müdaxilənin nəticələri aradan qaldırılıb və bina ilkin görkəminə qaytarılıb.

Qeyd edək ki, aprelin 1-dən 2-nə keçən gecə Bakı şəhəri, Bülbül prospekti 20 ünvanında yerləşən Nizami Kino Mərkəzinin binası müdaxiləyə məruz qalmışdı. Binanın fasadına boya vasitəsilə cızma-qara edilmiş, müxtəlif söz və ifadələr yazılmışdı.

Xatırladaq ki, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən abidələrin korlanması və ya məhv edilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmadan başqa yerə köçürülməsi, eləcə də onların toxunulmazlığını pozan və onlar üçün təhlükə yaradacaq tikinti-quraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərinin və ya abadlaşdırma tədbirlərinin aparılması qadağandır. Abidələrin qorunması haqqında Azərbaycan Respublikası qanunvericiliyinin pozulması cinayət, inzibati, intizam və mülki məsuliyyət yaradır.