Ölkəmizə etnofolklor ekspedisiya təşkil olunub
Özbəkistan Respublikası Mədəniyyət Nazirliyinin Mədəni Tədqiqatlar və Qeyri-Maddi Mədəni İrs İnstitutunun əməkdaşları 14-26 may tarixlərində həyata keçirilən “Azərbaycanda etnofolklor ekspedisiyası” çərçivəsində ölkəmizdə səfərdə olublar.
Ekspedisiyanın məqsədi Azərbaycan xalqının zəngin mədəni irs nümunələrinin və adət-ənənələrinin öyrənilməsi, eləcə də iki ölkə arasında mədəni əməkdaşlığın daha da genişləndirilməsi olub.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən təşkil olunan proqram çərçivəsində nümayəndə heyətinin Bakı və Gəncə şəhərlərinə, həmçinin Şəki, Quba, Qəbələ, Qobustan və İsmayıllı rayonlarına səfərləri təşkil edilib.
Səfərlər zamanı qonaqlar ölkəmizin mədəni irsi, xalq sənətkarlığı nümunələri, qədim adət-ənənələri və folklor mühiti ilə yaxından tanış olublar.
Eyni zamanda, ekspedisiya iştirakçıları bir sıra tarixi məkanları, abidələri, mədəniyyət müəssisələrini və muzeyləri ziyarət edərək yerli tədqiqatçılar, folklorşünaslar və sənətkarlarla görüşlər keçiriblər.
Görüşlər zamanı Azərbaycan və Özbəkistan xalqlarının ortaq mədəni kökləri, milli dəyərlərin qorunması və mədəni irsin gələcək nəsillərə ötürülməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.







































