Özbəkistan Respublikasının Mədəni İrs Agentliyinin nümayəndələri arasında görüş keçirilib
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə Özbəkistan Respublikasının Mədəni İrs Agentliyinin nümayəndələri arasında onlayn görüş keçirilib.
Görüşdə Dövlət Xidmətinin rəis müavini Ayaz Müseyibov, Özbəkistan Respublikasının Mədəni İrs Agentliyinin Arxeologiya departamentinin müdiri Şəmsiddin Rüstəmov, eləcə də hər iki qurumun aidiyyəti struktur bölmələrinin əməkdaşları iştirak ediblər.
Görüşdə Azərbaycan-Özbəkistan Birgə Mədəniyyət Komissiyası çərçivəsində həyata keçiriləcək tədbirlər müzakirə olunub.
Tərəflər arasında mədəni irsin qorunması, bərpa-konservasiyası və arxeoloji tədqiqatların aparılaması istiqamətində əməkdaşlıq imkanları nəzərdən keçirilib. Mədəni irs sahəsində hər iki ölkədə keçirilən tədbirlərdə və arxeoloji tədqiqatlarda mütəxəssislərin qarşılıqlı iştirakının təmin edilməsi ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd olunan istiqamətlərdə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün anlaşma memorandum imzalanmasının vacibliyi qeyd olunub.
























